Vüqarın döyülməsində adı hallanan müğənnidən açıqlama

Moskvada Vüqar Muradovun döyülməsi olayında adı hallanan müğənni Fidan Süleymanova danışıb.


Müğənni sivil.az-a açıqlamasında sözügedən məsələdə adının hallanmasından yalnız saytlar vasitəsilə xəbər tutduğunu deyib: "Səhərdən telefonum susmur. Amma bilin ki, mən bu barədə ilk və son dəfə danışıram. Vüqar Muradov adlı şəxslə problemim yoxdur. Deyirlər ki, guya mən indi Moskvadayam. On səkkiz yaşımdan xarici pasportum var. Amma həmin vaxtdan indiyədək bir dəfə də Moskvada olmamışam".

F.Süleymanova mediaya da müraciət edib və onun adının bu olayda hallandırılmamasını xahiş edib: "Ailəm adımın belə söz-söhbətlərdə hallanmasına qarşıdır. Ona görə də xahiş edirəm ki, mənim adım hallandırılmasın".

Qeyd edək ki, "Yeni ulduz" müsabiqəsinin qalibi Vüqar Muradov bir neçə gün öncə Moskvaya toya dəvət olunub. Sonra isə səkkiz nəfər onu paytaxt ətrafındakı meşəyə apararaq döyüb.

Xatırladaq ki, Vüqar Muradovun dostu Ruslan Əhmədoğlu lent.az-a açıqlamasında dostunun döyülməsinin Fidan Süleymanova tərəfindən sifariş oluna biləcəyini söyləmişdi: "Bir müddət öncə Vüqar həmkarı Fidan Süleymanova ilə efirdə söhbətində İmişli rayonu barədə bəzi fikirlər səsləndirmişdi. Onu Moskvada döyən adamlar da Vüqara deyiblər ki, "sən kimsən ki, İmişliyə sataşmısan?.

Onu da deyim ki, Fidan xanım özü də hazırda Moskvadadır. Vüqar xaraktercə aqressivdir. Ola bilər ki, fikrini deyib, kimlərinsə xoşuna gəlməyib, cavabında bu işi ediblər. Onu döyən şəxslər hadisədən sonra verdikləri 1000 manat pulun 900 manatını götürərək, ərazidən uzaqlaşıblar. Artıq Vüqarla bütün əlaqələrini quran adam da tapılıb. Hadisəni törədənlərdən biri də Şəmkir sakinidir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Bu işdə əli olan hər kəs cəzalandırılacaq".