O, doğulduğu Şərur rayonunda dəfn olunacaq O, doğulduğu Şərur rayonunda dəfn olunacaq

Sankt-Peterburqda qətlə yetirilən biznesmenin meyiti ölkəyə gətirildi

O, doğulduğu Şərur rayonunda dəfn olunacaq



Polislər tərəfindən Sankt-Peterburqda qətlə yetirilən "Kiş-Miş" restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı Əfqan Rəsulovun meyiti bu gün doğulduğu Şərur rayonuna gətirilib. AzNews.az-a daxil olan məlumata görə, o, bu gün dəfn olunacaq. Naməlum şəraitdə öldürülən iş adamın dəfn mərasimində mərhumun qohumları və yaxın dostları iştirak edəcək.

Xatırladaq ki, Əfqan Rəsulov oktyabrın 22-si gecə saatlarında Sankt-Peterburq şəhərinin Tavriya küçəsindəki mənzilində öldürülüb. Rusiya mətbuatının yazdığına görə, şəhər polisinə həmin mənzildə bir qızın zorlandığı barədə məlumat daxil olub. Polislər mənzilə gəldikdə qapını heç kim açmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındırmağa cəhd göstəriblər. Bu zaman alaqapıya daxil olan gənc oğlan polislərə atəş açmağa başlayıb. Polislərdən biri yaralanıb, cavab atəşi ilə hücum edən şəxs öldürülüb. Onun Sankt-Peterburqda "Kiş-Miş" restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı Əfqan Rəsulov olduğu müəyyənləşib. Polislər qapını sındıraraq ev sahibinin qardaşını həbs ediblər, zorlamaya məruz qalan qız xəstəxanaya göndərilib. Evdən narkotik mənşəli olduğu güman edilən maddə də aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb.

Bütün bunlar Rusiya mətbuatının yazdıqlarıdır. Amma diaspor qurumunun sədr müavini Sabir Məsimov Lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, deyilənlər həqiqəti əks etdirmir: "Çünki Rəsulovun evinə sözün həqiqi mənasında basqın olub. Basqını isə mülki geyimdə olan polis nəfəri edib. Həmin polis nəfəri tabel silahını iş yerinə təhvil verməyərək mənzilə gəlib. Mənzilin qapısını döyəcləməyə başlayıb. Qapını açan Rəsulova atəş açaraq, onu qətlə yetirib. Həmin vaxt mənzildə olan Rəsulovun Akif adlı qardaşı isə özünü qorumaq üçün travmatik tapançadan həmin adama atəş açıb. Maksim adlı həmin polis zabitini yaralayıb. İndi elə vəziyyət yaranıb ki, həmin yaralanan polis zabiti ortalıqda yoxdur. Yerli hüquq-mühafizə orqanları hadisəni başqa cür yozmağa çalışır. Biz, diaspor qurumu olaraq artıq hərəkətə keçmişik, istintaqdan məsələni ədalətli araşdırmağı tələb edirik".

Diaspor nümayəndəsinin dediyinə görə, xəbərlərdə adı keçən və guya zorlanan qız da ortalıqda yoxdur. "Ümumiyyətlə, bu qız məsələsi də qondarma işə oxşayır. Əfqan Rəsulov Azərbaycan diasporunun tanınmış üzvlərindən idi. Cəmiyyətin işində fəal iştirak edirdi. Tanınmış iş adamı idi. Rusiya KİV-də yazıldığından fərqli olaraq, heç vaxt narkotikdən istifadə etməyib. Onun niyə qətlə yetirilməsinə isə yaxın günlərdə aydınlıq gələcək" - deyə Məsimov bildirib.

Teymur Əli
AzNews.az