Dövlət Bayrağı Meydanı rəisinin işində “düyünlər” açılır - İlginc məqamlar

Bir qədər əvvəl Bulvar İdarəsinə birləşdirilən Dövlət Bayrağı Meydanının həbsdəki sabiq rəisi Rəşad Məmmədovun işində yeni ilginc məqamlar üzə çıxıb.


Məlum olub ki, "mahmudovçu"lar 2015-ci ilin mayında Rəşad Məmmədovu və daha 2 nəfəri - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovu həbsə almaq üçün saxtakarlığa yol veriblər. Belə ki, Bakı sakini Zabil Salmanovu MTN-nə aparıb, hədə-qorxu gəlməklə, ondan yarım milyon manat, üstəlik, hər üç şəxsin əməllərindən zərər çəkdiyi qeyd olunan ərizə alıblar.

Eldar Mahmudov nazir vəzifəsindən çıxarılandan sonra Zabil Salmanov ərizə ilə istintaqa müraciət edərək, əvvəlki ərizəsini geri götürdüyünü, həmin ərizəni hədə-qorxulardan sonra yazmaq məcburiyyətində qaldığını açıqlayıb. Z.Salmanovun nümayəndəsi, tanınmış hüquqşünas Aslan İsmayılov musavat.com-a müvəkkilinin hədə-qorxulara məruz qalaraq, həmin ərizəni yazdığını təsdiqləyib. O, deyib ki, müvəkkili E.Mahmudov işdən çıxarılandan dərhal sonra ona zorla yazdırılan ərizədən imtina etməsi haqda yeni ərizə ilə hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

AzNews.az xəbər verir ki, Musavat.com-a daxil olan son məlumata görə, artıq Z.Salmanov istintaqa dəvət edilərək dindirilib. Dindirmə zamanı Zabil Salmanov bir daha təsdiq edərək göstərib ki, Rəşad Məmmədovu tanımayıb, onunla alqı-satqı etməyib və hazırda da ona qarşı hər hansı bir şikayəti, tələbi yoxdur. Dindirmə zamanı üzə çıxan ilginc məqam isə budur ki, Zabil Salmanov istintaq orqanı tərəfindən rəsmən zərərçəkmiş şəxs qismində tanınmayıb!

Buna baxmayaraq bu məqam "mahmudovçu"lara ötən ilin mayında onun "ərizə və ifadəsi" əsasında dələduzluq əməli ilə cinayət işi başlamağa, R.Məmmədovla bərabər daha 2 nəfərə - İ.İsfəndiyarov və A.Məmmədovu həbs etməyə mane olmayıb.

R.Məmmədovun vəkili Akif Əlizadə Z.Salmanovun dindirildiyini təqsdiqləyib. O, deyib ki, müdafiə tərəfinin çoxdan gözlədiyi istintaq hərəkəti nəhayət ki, baş tutub: "Bilirsiniz ki, bu işdə adı zərərçəkmiş kimi hallanan Zabil Salmanov hələ 3 ay əvvəl istintaqa və prokurorluğa ərizə vermişdi ki, o, keçən ilin may ayında Rəşad Məmmədova qarşı təzyiq altında verdiyi ərizədən imtina edir. Bundan sonra bizim hamımız gözləyirdik ki, obyektivlik və ədalət naminə Rəşad Məmmədov həbsdən və cinayət təqibindən azad olar. Onu da deyim ki, bu gözləntimizin ciddi əsasları var. Yəqin bilməmiş deyilsiniz ki, yeni yaradılmış DTX-nin İstintaq Baş İdarəsinə yeni rəis təyin edilib. Təbii ki, biz gözləyirik ki, cavan və perspektivli Həsən Mansurov sələflərinin ondan əvvəl etdiyi səhvləri tezliklə aradan qaldıracaq və Rəşad Məmmədovun barəsində obyektiv qərar qəbul olunacaq. Ancaq bunu da deməliyəm ki, biz ara-sıra söz-söhbətlər eşidirik ki, deyəsən, istintaqda heç də bizim gözlədiyimiz proseslər, yəni işin qanuni və ədalətli nəticələnməsi ilə bağlı hərəkətlər getmir. Ancaq biz hamımız ümid edirik ki, bu söhbətlər bir şayiə olaraq, qalacaq və sonda ədalət zəfər çalaraq, Rəşad Məmmədov ailəsinə qovuşacaq".