- Köhnə - Maraqlı
- 13 İyun 2016 15:55
- 26 545
Uzun oruc gününü necə qısaldaq? - Ramazanda kökəlməməyin yolları
Artıq bir həftədir ki, müqəddəs Ramazan ayı başlayıb. İnanc sahibi olan hər kəs oruc tutur.
Allaha ibadətlə yanaşı, həm də sağlamlıq üçün önəmli olan orucluğa il boyu yığdığı artıq çəkini atmaq şansı kimi baxanlar da az deyil. Təəssüflə qeyd etməliyəm ki, seçdiyi həyat tərzi və qida rasionu ilə nəinki çəki ata, hətta ibadətinin məqsədindən uzaqlaşaraq nəfsini belə tərbiyə edə bilməyənlər kifayət qədərdir. Nəticədə belələri arıqlamır, əksinə çəki üstünə çəki alırlar. Orucluq yaya, günlərin uzun, gecələrin isə qısa olduğu bir dövrə təsadüf etdiyindən ac qaldığımız saatlar daha çox olur. İftarla imsaq arasında vaxtın darlığı az və keyfiyyətli qidalanmağı tələb edir.
Nə yeyək ki, susuzluq hissi yaratmasın, gün ərzində enerjili olaq və aclıq bizə güc gəlməsin? Necə edək ki, uzun oruc saatları qısalsın? Necə qidalanaq ki, çəkimizi azaltmaq bir yana, heç olmasa, olan çəkimizi qoruyub saxlayaq?
Az-az, fasilə ilə ye

Oruc tutanın qidasından başlayaq. Əvvəla, unutmayın ki, gün ərzində ac qaldığınızdan, sadəcə gecələr yediyinizdən orqanizmdə maddələr mübadiləsi zəifləyir, ağırlıq əmələ gəlir. Bu da kökəlmə ilə nəticələnir. Ona görə qida rasionu düzgün müəyyənləşdirilməlidir. İftarı su və xurma ilə açdıqdan sonra 15 dəqiqə ara verilməlidir.
Xurmanı sayla, suyu litrlə iç

1 litr suyu 1 və ya 3 xurma ilə için. Unutmayın, bacardıqca çox su içmək vacibdir. Xurmaya gəlincə, bu yaxınlarda bir yazı ilə tanış oldum. Orada qeyd edilirdi ki, xurma yeyərkən sayına diqqət edilməlidir. Başqa sözlə, 1, 3, 5… yediyiniz xurmaların sayı tək rəqəmlərə uyğun olmalıdır. Əks halda, xurmanın orqanizmə hətta ziyanı ola bilər. 15-20 dəqiqəlik fasilədən sonra sulu yemək məsləhətdir. Onu da az-az. Çünki çox yemək orqanizmin uzunmüddətli aclıqdan sonra qidanı depolamasına, beləliklə də kökəlməyə gətirib çıxara bilər. Kolbasalardan, şirniyyatlardan və qazlı içkilərdən tamamilə imtina etmək lazımdır. Ətdən az istifadə, xəmir xörəklərindən imtina etmək tövsiyə olunur. Bol meyvə yeməklə orqanizmin şirniyyata olan tələbatını ödəmək olar. Duzlu pendirin gün ərzində suzuzluq hissi yarada biləcəyi ehtimalı güclü olduğundan ondan uzaq durmağınızı da tövsiyə edirəm. Duzsuz pendir, darçınlı süd, qatıq isə oruc tutanlar üçün ən məsləhətli qidalar sayılır. Qatığa kəpək və mövsüm meyvələrindən əlavə edərək dadlı və sağlam yemək hazırlaya bilərsiniz. Bu, həzmi yaxşılaşdıracaq və orqanizmi şlaklardan təmizləyəcək. Qoz, badam, fındıq və ümumiyyətlə, quru meyvələrlə zəngin imsaq gün ərzində enerjinizi itirməməyinizi, hərəkətli günə hazır olmağınızı təmin edəcək. Meyvə və çərəzləri yeməkdən 2 saat sonra yeyin. Bu yolla şəkər dirəncini də tənzimləmək olar.
İmsaka qədər az-az, tez-tez yeyin. Bu, mədənin də genişlənməməsinə kömək edər.
Uzunmüddətli aclıqdan sonra çox yeyirsinizsə, bu vərdişinizdən imtina edə bilmirsinizsə, süfrəyə yeməyi az qoyun.
Uzun oruc günlərini SPA-da qısaldın

Aclıq və susuzluq hiss etməmək üçün lazım olan qida rejimini tətbiq etməklə uğurlu orucu təmin etdiniz. Bəs bitmək bilməyən günü necə qısalda bilərik? Təbii ki, oturmaq, yatmaq, passiv şəkildə günün bitməsini gözləmək olmaz. Odur ki, fəal gün yaşamaq, bədənin enerjisini və suyunu tükətmədən günü daha maraqlı etmək, rahatlanmaq mümkündür. Dini qaydaları pozmadan istirahət və idman edə, hətta əylənə bilərsiniz.
Araşdırdım. Bəzi din xadimlərinin fikrini öyrəndim. Onlar da təsdiq edir ki, masaj, suda aerobika orucu pozmur. Lakin suyun sinədən aşağı olmasına diqqət etmək lazımdır.
Qeyd etməliyəm ki, orqanizm ac olduğu üçün arıqlama proseduralarına daha tez cavab verir. Odur ki, sarğılama, masaj, arıqlama aparatlarından istifadə etmək, iftara bir neçə saat qalmış isə idman etmək olar. Xüsusən, qaçış lentində ən az yarım saatlıq az sürətli yeriş tövsiyəolunanlar siyahısındadır. Bundan başqa hovuzda da vaxt keçirmək olar. Bir sıra fikir ayrılıqlarına baxmayaraq, hovuz da qadağan edilməyib. Suyun udulmadığı təqdirdə suda vaxt keçirmək mümkündür. Belə ki, üzməsəniz də, akvaaerobika ilə məşğul ola bilərsiniz.Odur ki, həyat tərzinizi seçərkən bunları nəzərə alın. Unutmayın, bu müqəddəs ayda əməl etdiyiniz qida rejimi qədər məşğuliyyətiniz, seçdiyiniz həyat tərzi də önəmlidir.
Nazənin Axundova - "Sultan Saba" Sağlamlıq mərkəzinin rəhbəri
Xüsusi olaraq AzNews.az üçün