“Facebook” qadağan edildi

Şirkətlər isə bu göstərişi icra etməkdən imtina ediblər



Tacikistanda bir sıra internet-provayderlər "facebook" sosial şəbəkəsinə girişi qadağan edib. AzNews.az-in məlumatına görə, Tacikistan hökuməti hələlik bu qərarla bağlı heç bir açıqlama verməyib.

Məlumata görə, yerli hökumət yanında rabitə xidməti internet-provayderlər və mobil operatorlardan "facebook"un məhdudlaşdırılmasını tələb edib. Lakin ölkənin təxminən yarısına xidmət göstərən "Online" və "Telecomm Technology" şirkətləri bu göstərişi icra etməkdən imtina ediblər.

Socialbakers.com saytının məlumatına əsasən, Tacikistanda "facebook" istifadəçilərinin sayı 41 mindən artıqdır.

Xatırladaq ki, bu, il ərzində Tacikistanda "facebook"un ikinci məhdudlaşdırılması faktıdır. Bu il martın 3-də "Zvezda.ru", "Tjknews.com" və "Maxala.org" kimi saytlara da girişi məhdudlaşdırmağı göstəriş vermişdi. Lakin bir həftədən sonra "Facebook"a giriş bərpa olunsa da, digər saytlara hələ də giriş yoxdur.

Vasif Həsənli
AzNews.az