- Köhnə - Maraqlı
- 9 İyun 2013 20:06
- 3 595
Dünya turuna çıxan velosipedçimizin macəraları
"Sən düzəngahlıqda təksən və sənə kömək edəcək bir adam yoxdur"
Aprelin 9-da Bərdə şəhərindən velosipedlə səfərə çıxan azərbaycanlı səyyah Ramil Ziyadov Bərdə-Bakı-Dağıstan-Kalmıkiya-Həştərxan-Qazaxıstan marşrutu üzrə hərəkət edərək Qazaxıstanın Karaqanda şəhərinə çatıb. Ramilin sözlərinə görə, 2 ay ərzində velosipedlə 5700 km məsafə qət edib.
Ramil Ziyadov Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır, görüşdüyü adamlara ölkəmiz haqqında bilgilər verir. Axşamlar isə yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edir. O öz velosipedinin köməyi ilə bütün dünyanı fəth etmək fikrindədir.
Səyahətçi həmyerlimizin "Caravan.kz" saytına olan kiçik müsahibəsini təqdim edirik:
"Mənim səyahətim elə Azərbaycandan başladı. Rusiyada, Özbəkistanda olmuşam. İndi isə sizin ölkənizdə- Qazaxıstandayam və bundan çox məmnunam.
Ramilin sözlərinə görə, o belə bir yenilik etmiş ilk azərbaycanlıdır.
"Səyahətimi kumirim, liderim Heydər Əliyevə həsr edirəm. Bu il onun 90 illik yubileyi tamam oldu. Getdiyim ölkələrdə hamıya liderimizdən, habelə tariximiz və mədəniyyətimizdən söhbət açıram".
Ramil bu günə kimi başına gələn ən maraqlı əhvalat haqqında da danışıb.
"Bir dəfə mən ayıldım ki, səhradayam. Təxmini 25 kilometr getdikdən sonra başımın üstünü qara buludların aldığını və havanın qaraldığını gördüm. Bu qorxulu mənzərə idi. Sonra möhkəm tufan başladı. Velosipedi bir qırağa atdım. Əynimdə olan jaketlərimlə üz-gözümü bağladım. Düzü, belə bir şey heç vaxt başıma gəlməmişdi. Təhlükəli vəziyyət idi. Sən düzəngahlıqda təksən və sənə kömək edəcək bir adam yoxdur"
Ramil səyahətə olan həvəsi barədə ilk dəfə anasına məlumat verdiyini deyir.
"Anam səyahətimə qarşı idi. Bilirsiniz, tək yola, səyahətə çıxmaq o qədər də asan iş deyil. Məsələn, mən indi Qazaxıstandayam. Buradan Rusiyaya velosipedlə getmək çox təhlükəlidir. Çünki bildiyim qədəri ilə gedəcəyim yollarda çoxlu canavarlar və ayılar var. Mənsə tək. Hər an onlar qarşıma çıxa bilərlər. Anam isə təbii ki, mənə görə həyəcan keçirir"
Ramil səyahəti çərçivəsində bir çox ölkələrə, əsasən də Yaponiya, Çin, Monqolustana getməyi planlaşdırır.
Səyyahın dediyinə görə, maddi dəstək olsa, səyahətini davam etdirərək Yaponiyadan ABŞ-a getməyi düşünür.
Aynur Hüseynova
AzNews.az