- Köhnə - Maraqlı
- 3 Avqust 2013 16:29
- 12 682
Azərbaycanda hamını heyrətləndirəcək yeni proqram yaradılır
Azərbaycanda yaradılacaq yeni proqram sayəsində göz vurmaqla hansısa bir əməliyyatı həyata keçirmək mümkün olacaq.
Azərbaycanda mobil telefonlarda əyləncə strukturlu proqram yaradılacaq. İnsan göz vurmaqla hansısa bir əməliyyatı həyata keçirə biləcək. Bu barədə "Mimics2digi" layihəsinin müəllifi Zöhrab Niftəliyev ICTNews.az portalna məlumat verib. Onun sözlərinə görə, mimikaların rəqəmli həyata ötürülməsi ideyasının Azərbaycanda tətbiqi üzərində işləyirlər: "Hazırda mimikalarla işləyən bəzi sistemlər, proqramlar var. Biz bunları bir qədər də genişləndirmək istəyirik. Məsələn, hər hansı bir göz hərəkəti ilə müəyyən bir əməliyyatın həyata keçirilməsini təmin etməyi düşünürük. Tutaq ki, mobil telefonlarda əyləncə strukturlu proqram yaratmağı fikirləşirik. Misal üçün, insan göz vuranda hansısa bir əməliyyat həyata keçsin, yəni kamera işləsin, hansısa nömrəyə zəng getsin və ya gələn zəngə cavab verilsin və s. Yəni, bu proqram sayəsində telefonda ola biləcək hər bir əməliyyatı bir göz vurmaqla işə salmaq mümkün olacaq".
Layihə müəllifinin fikrincə, bu proqramın birinci hissəsi əyləncə məqsədi daşıyır: "Bu hissədə pul qazanmağı bir o qədər də düşünmürük. İkinci hissədə isə əsasən daha professional işlərlə məşğul olacağıq. Bu konsepsiya ilə daha ciddi proqramlar yazmaq istəyirik".
Göz vurmaqla hansısa əməliyyatı həyata keçirmək ilk baxışdan çətin görünsə də, əslində elə deyil: "Çünki artıq texnologiya o qədər inkişaf edib ki, bu cür əməliyyatları həyata keçirmək üçün elə də böyük riyazi modelə, böyük alqoritmləri bilməyə ehtiyac yoxdur. İndi şəkillər üzərində əməliyyatlar sistemi o qədər inkişaf edib ki, haqqında danışdığım əməliyyatları çox asanlıqla yaratmaq olar. Hazırda o qədər kitabxanalar var ki, bir çox məsələləri reallaşdırmaqda sənə köməkçi olur. Gözün, ağzın seçilməsi kimi çoxlu hazır funksiyalar var ki, biz bunları öz proqramlarımızda istifadə etməyi düşünürük. Bu mənada göz vurmağın hansısa proqrama tanıdılması o qədər də çətin iş deyil".
Z.Niftəliyevin fikrincə, ilk baxışdan abstrakt görünən ideyalardan fərqli olaraq, bu ideya çox realdır: ""Google" zarafatla belə bir ideya səsləndirmişdi. Guya yeni yaradılan mobil telefon əşyanın iyini hiss edir və nə olduğunu bilir. Tutaq ki, telefonu gülə yaxınlaşdıranda, onu dəqiqliklə müəyyən edərək, məsələn, nərgiz gülü olduğunu deyir. Çox gözəl ideya olsa da, yaradılması çətin sistemdir. Çünki gülün kimyəvi strukturuna, sensorun onu anlamasına qədər gedib çıxır. Bəlkə də bu sistem yaxın gələcəkdə hazırlanacaq. Lakin göz vurmağı hansısa bir cihaza başa salmaq kompleks tədbirlər həyata keçirmək tələb etmir. Üstəlik, bu sahədə təcrübə də var. Məsələn, bəzi fotoaparatlar insanın gülümsəməyinə görə özü avtomatik şəkil çəkir. Daha onda hansısa düyməni sıxmağa ehtiyac qalmır".
Müəllif hesab edir ki, onlar ilk mərhələdə "Android", "ıOS" əməliyyat sistemləri üçün sadə, əyləncə proqramları (tətbiqetmə), söhbətlər aparılan pəncərədə mimikalarla əməliyyatlar yerinə yetirəcəklər: "Yəni iki nəfər "çat"da danışan zaman telefonun kamerası onun sahibini izləyəcək və onun gülüşünü, göz vurmasını avtomatik olaraq qarşı tərəfə "smaylik" kimi göndərəcək. Bunların da müəyyən hissəsi pulsuz olur. Yəni onların elementarları hamı üçün açıq olur. İstifadəçilər işlədir, əyləncəli olduğu üçün xoşuna gəlir. Bu zaman yeni funksiyalar əlavə etmək üçün pullu versiyalarını da alırlar. İlk öncə bunlardan başlamaq istəyirik. Lakin bunlar da böyük gəlirlər gətirmir. Çünki "Android" "aplication"lar 1-2 dollardan yuxarı olmur. Ən super "aplication"lar 5 dollardır".
Ruhiyyə
AzNews.az