Müsəlman şagird məhkəmə qərarı ilə üzgüçülük dərsinə göndərildi

Almaniyada dini inancına görə üzgüçülük dərslərində iştirak etmək istəməyən müsəlman şagirdin istəyi yerinə yetirilməyib. Federal Məhkəmə şagirdin təmsilçilərinin bununla bağlı iddiasını rədd edib.

Beləliklə də bu, müsəlman şagirdlərlə bağlı çıxarılan ilk qərar olub və bundan sonrakı analoji işlərdə ondan nümunə kimi istifadə ediləcək.
Marokko əsilli şagirdin vəkili Klaus Maysner bildirib ki, onun dini inancı oğlanlarla bərabər üzgüçülük dərslərində iştirakını mümkünsüz edir: "Çünki müsəlman qadın təkcə öz geyiminə riayət etməməli, həm də geyimi münasib olmayan naməhrəmə də baxmamalıdır".

Məhkəmə isə bildirib ki, şagird dərsə müsəlman qadınlar üçün nəzərdə tutulan xüsusi çimərlik kostyumunda gələ bilər. Məhkəmə qərarında həmçinin, qeyd olunur ki, məktəblər uşaqları həyata hazırlamaqla yanaşı, onları plüralist cəmiyyətdə yaşamağı da öyrətməlidir.

Elnarə
AzNews.az