Komitə sədrlərinin keçmişi: Əvvəl kim idilər?

İlk iş yeri və ilk maaş heç vaxt unudulmur. İstər prezident olasan, istər nazir, istərsə də adi vətəndaş...

AzVision.az məşhurların "İlk iş yerləri" adlı rubrikanı davam etdirir. Bu dəfə dövlət komitələrinin sədrlərinin ilk işlərindən bəhs edəcəyik.

Maraqlıdır ki, hazırda komitələrə rəhbərlik edən komitə sədrlərinin ilk işləri nə olub?

Başlayaq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə yenicə sədr təyin olunan Mübariz Qurbanlıdan.

Kənd məktəbində müəllim

Azərbaycan Dövlət Universitetinin (Indiki Bakı Dövlət Universiteti –red) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. Daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik fəaliyyətini davam etdirib.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Hüquqşünas Aydın Əliyev

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev həmkarından fərqli olmayaraq, əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.

2006-cı ilin fevral ayından Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.

Həm müəllim, həm komitə sədri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. 1977-ci ildən 189 saylı orta məktəbdə müəllim fəaliyyətinə başlayıb, paralel olaraq Bakı Dövlət Universitetində siyasi tarix fənnini tədris edib. 2006-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərir.

Ustalıqdan başlayan Nazim İbrahimov

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1985-1986-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası kimi çalışıb.

2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

"Qaçqınkom"ın usta sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. İlk işinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb.

1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.

Nazirlikdən komitə sədrliyinə

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov 1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirərək, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində işləyib. 18 aprel 2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsində çalışır.

Azərbaycan Dövlət Statistika Komitəsinin sədri vəzifəsi boşdur.

Qeyd edək ki, komitənin sabiq sədri Arif Vəliyev 2014-cü il iyunun 23-də Bakı şəhərində vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn edilib.

TQDK sədri laborant imiş...

2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan Məleykə Abbaszadə

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. İlk əmək fəaliyyətinə baş laborant kimi başlayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 1992-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi işləyib. 2009-cu il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədridir.

Keçmiş səfir...

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb. İlk iş yeri SSRİ Xarici Ticarət Nazirliyi olub. 2008-ci ilin noyabrından Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədridir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Azərbaycan Politexnik İnstitutu nu bitirib. İlk əmək haqqısını mühəndislikdən qazanıb. 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır.

AzNews.az