Bulvarda yeni attraksionlar quraşdırılacaq

Yaxın aylarda Azərbaycana 2 yeni karusel və attraksionlar gətiriləcək. Bu barədə AzNews.az-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Sözügedən karusellər və attraksionların Avropa ölkələrinin birindən alınacağını bildirən N.Məcidov deyib ki, hazırda bununla bağlı seçim edilir. Onun sözlərinə görə, həmin karusel və attraksionların dənizkənarı bulvarın yeni salınan hissəsində quraşdırılması gözlənilir.

N.Məcidov xatırladıb ki, bu il ərazində İtaliyadan 4 karusel və attraksionlar alınaraq Bakıya gətirilib. Hazırda isə dənizkənarı bulvarda 32 karusel və attraksionlar fəaliyyət göstərir.

Vasif Həsənli
AzNews.az