Kremlin Brejnevdən qalan aşpazından sensasion açıqlamalar: “Ərzaqlar rentgendən keçirdi”

Moskvanın əsas sarayı olan Kremlin mətbəxində əsrlərdir sözün əsl mənasında qazanlar qaynayır. Bu saraydan Stalin, Brejnev, Qorbaçov kimi nəhəng rəhbərlər keçib.


Bəs Rusiyanın rəhbərləri və onların qonaqları üçün Kremlin mətbəxində nələr bişirilib, nələr hazırlanıb?

AzNews.az-ın əməkdaşı Kreml mətbəxi və rəhbərlərinin yeməkləri ilə bağlı maraqlı yazı hazırlayıb. Yazı illərlə Kreml mətbəxində çalışmış aşpazın xatirələri əsasında yazılıb.

Nəsildən nəslə ötürülən rəhbər aşpazlığı...


Mənbələrə görə, Kreml mətbəxində seçmə aşpazlar çalışıb və onlara öz işləri barədə informasiya verməyə qadağa olub. Yalnız illər sonra, bu yaxında ömrünün yarısını Kremldəkilər üçün yemək bişirməyə həsr etmiş və ürəyi sirlərlə dolu olan aşpaz Anatoli Qalkin Rusiya mətbuatına açıqlamalar verdi. O, Kremlə elə-belə, asanlıqla düşməyib. Qalkinin nənəsi də aşpaz olub və şəxsən Stalin üçün yemək bişirib. Rəhbər bu aşpaz qadının bişirdiklərini çox bəyənib və ona hətta şəxsi imzası ilə kitab da bağışlayıb. "Sağlam və dadlı qida haqqında kitab" indi Qalkinin evində saxlanılır.



Anatoli nənəsindən Kreml mətbəxi haqqında xatirələr eşidib, amma bunlar yalnız xatirədən ibarət olub, sirlər isə elə sirr olaraq da qalıb.

Stalin yeməyini hətta şəxsi aşpazından da gizlədib


Stalin hətta şəxsi aşpazından da gün ərzində nə yeyəcəyini gizlədib, hansı yeməyi daha çox sevdiyini deməyib: diktator zəhərlənəcəyindən çox qorxduğu üçün bu addımı atıb.

Ona görə səhər, günorta və axşam yeməklərində bir neçə yemək hazırlanıb, hamısı masaya düzülüb. Kreml rəhbəri yalnız bundan sonra hansı yeməyi yeyəcəyini açıqlayıb.



Stalin təklikdə yeməyi xoşlayırmış. Ondan sonra masasında qalanlar onun cangüdənlərinin payı olub. Stalin süfrədə elə qarışıqlıq yaradırmış ki, heç kim rəhbərin həmin gün hansı yeməyi yediyini bilmirmiş.


Anatoli uşaqlıqdan aşpaz olacağını bilirmiş, hətta yolu hərbdən keçsə də... Hərbi məktəbin aşpazı işləyən Anatoliyə 1980-ci ildə, Olimpiadanın başlamasına az qalmış zəng gəlib və onu Kremlin kadrlar şöbəsinə dəvət ediblər. Düz 8 ay ona sınaq müddəti veriblər, həftədə bir dəfə "KQB"yə çağırıb sorğu-sual ediblər. Onun tərcümeyi-halını tam yoxladıqdan sonra aşpaz kimi işə qəbul ediblər. Həmin dövrdə isə Kremlin rəhbəri artıq Brejnev idi.

Brejnevin Rentgendən keçirdiyi ərzaqlar...


Aşpazı ən çox təəccübləndirən ərzaqların az qala rentgendən keçirilməsi olub. Kremlə hər səhər təzə süd, ət, tərəvəz, meyvə, ov heyvanlarının – hətta qaban və ayı əti gətirilib. Ekzotik meyvələr isə Kuba, Çili və Afrikadan olub.

Hər ərzağın tərkibindəki duzun, qələvi və turşuların normaya uyğun olub-olmaması yoxlanılıb.

Anatoli isə rəhbərin ağız dadını tez öyrənib: o, ov quşu və heyvanlarının ətindən ocaqda bişmiş yeməkləri xoşlayırmış. Şorbanı heç sevməyib, lakin hərdən səhhətinə görə etiraz da etməyib. Kotletləri isə soyuq, hətta soyuducuda qalandan sonra yeyərmiş. Dişlərindən əziyyət çəkən Brejnev üçün ət yumşaq hazırlanırmış.



Brejnevin dövründə Kremldə çox vaxt dəbdəbəli ziyafətlər təşkil edilib. Ziyafətin yeməkləri isə zəngin və ağır olub. Hətta ofisiantlar məcməyinin ağırlığından şikayət ediblər. Məcməyidə donuz, qaban qarnirlə birgə bütöv verilirmiş, bunun da ofisiant üçün ağırlıq etməsi təbii haldır.



Aşpazın xatirələrinə görə, bir dəfə ağır məcməyi ilə içəri girən ofisiant Brejnevin çıxışına görə ayaqüstə, əlində məcməyi düz 40 dəqiqə gözləməli olub.

5 cür sıyıq bişirtdirən Qorbaçov


Etibar qazanmış Qalkin tezliklə Kremlin yeni siyasi fiquru Mixayil Qorbaçovun bağ evinə aşpaz təyin olunur. Onların münasibəti çox yaxşı alınır: Qorbaçov sıyığı çox sevirdi və hər gün 5 cür sıyıq bişirtdirirdi: qarabaşaq, arpa, manna sıyığı və s. Gündəlik yeməyi sadə idi, amma qonaqlar qarşısında yüksək mətbəx şedevrləri ilə öyünməyi sevirdi. Elə ki, Qorbaçov kürsüyə keçir, Qalkini şəxsi baş aşpazı təyin edib, ona Kreml mətbəxində reformalar etməyi tapşırır.

Qorbaçov hesab edirdi ki, Kremldə servis və süfrə dizaynı rəsmi qəbullar üçün bərbad vəziyyətdədir. Ona görə də, Qalkini Bukinhem sarayına təcrübəyə göndərir ki, Avropa trendini Kremlə gətirə bilsin.

Qalkin ilk dəfə burada görüb ki, qonaqlıq zamanı heç kim tələsmir: nə aşpaz, nə ofisiant, nə qulluqçular. Hər şey sanki "Qu quşu" baletində olduğu kimi sakit və ahəngdar cərəyan edir. Hazırlıq və süfrəyə təqdimat elə aparılır ki, bircə boşqabın səsi belə gəlmir. Burada o, kraliça üçün desert də hazırlayır: mətbəxdə britaniyalı kolleqalarına özünü göstərən Qalkin qoz, çiyələk və qaymağı qarışdırıb yeni desert icad edir. Deserti kraliçaya təqdim edirlər. Yelizaveta deserti o qədər bəyənir ki, rusiyalı aşpazla şəxsən görüşüb minnətdarlıq edir və ona krallara layiq servis hədiyyə edir. Bu deserti əlbəttə ki, Qalkin Kremlə də gətirir.

Ural kişisinin kaprizləri


Qorbaçov istefa verəndə, sevimli aşpazı da ərizə yazır, amma o, bir az səbr etməyi məsləhət görür. Qalkin Boris Yeltsinin vaxtında da Kremldə qalır. Amma elə çətin vaxt olur ki, onda heç kim aşpazın dadlı yeməklərindən iştahla yeyib, zövq ala bilmirdi.

Buna görə də, Qalkin heç vaxt Yeltsinlə münasibət qura bilmirdi. Amma bilirdi ki, Yeltsin bu vaxta kimi ölkə rəhbəri olmuş şəxslər içində ən qurmanıdır. O, əsl Ural kişiləri kimi həm balıq, həm ayı əti, həm maral, həm də qaban ətini xoşlayırdı. Pirojki, bulka, pelmeni, xingal - bunlar da rəhbərin zəif tərəfi idi. O, içkini də çox sevirdi.



Lakin yeni rəhbərliklə Qalkin çox qala bilmədi və öz ərizəsi ilə işdən ayrılıb, Avropaya üz tutdu, ən yaxşı restoranlarda çalışdı. Amma yenə də Rusiyasız qala bilmirdi.

Yeltsin Kremldən gedəndən 2 il sonra yenidən Qalkinin mənzilinə zəng gəldi:
-Sizi Kremlə, kadlar şöbəsinə dəvət edirik.

İllərin sınağından keçmiş Qalkini brend-şef vəzifəsinə götürürlər. İndi o, mövsüm menyusunu hazırlayır və yeni icadlar edir. İndi ənənələr və zövqlər dəyişib. Daha mətbəxdən qaban və ayı ətinin qoxusu gəlmir.



Putin tərəvəz və dəniz məhsullarını sevir, Medvedyev isə italyan mətbəxindən pasta, spagetti, pendir, rizotto xoşlayır. Amma peşəkar aşpaz hər vəziyyətdə özünü və hamını təəccübləndirməyi bacarır.

Aygün MUSAYEVA
AzNews.az