Ya Ləyaqət!

Bu gün hicri təqvimi ilə Məhərrəm ayının 10-cu günü- Aşuradır.
Hicri təqvimi ilə 61-ci ilin bu günündə (680-cı ilin 10 oktyabr tarixi ilə eyniləşir) Kərbala müsibəti baş verib. İslamın peyğəmbəri Hz. Məhəmmədin nəvəsi, 4-cü islam xəlifəsi və biz şiələrin birinci imamı Hz. Əlinin oğlu, 3-cü imamımız Hüseyn, doğmaları və tərəfdarları Kərbəla çölündə amansızlıqla qətlə yetirilib.
İmam Hüseyn şəhadətinin anılması azərbaycanlı şiələr olaraq bizim üçün də tarixi ənənədir. Zənnimcə bu ənənəyə müasir dövrümüzdə tarixdən dərs çıxarmaq, ədalət, vicdan, məsuliyyət və insan ləyaqəti haqqında düşünməklə sahib çıxmalıyıq. İmam Hüseyn dünya tarixinin ən önəmli şəxsiyyətlərindən biri olmaqla tam obyektiv şəkildə deyirəm ki, bir ləyaqət simvoludur. Onun xarizmasını əsrlərdir yaşadan nə şərq cəmiyyətlərinə xas olan gücə itaətdir, nə də məğlubiyyət kompleksi. Məhz İmam Hüseynin ləyaqət anlayışı və ona bağlı olan dəyərlərdir.
Gəlin, Kərbala müsibətindən tam 1268 il sonra qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ilk maddəsinə baxaq:
"Butun insanlar öz ləyaqətləri və huquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə munasibətdə qardaşlıq ruhunda davranmalıdırlar".
Bu cümlələr sanki Kərbalaya gedən yolda qələmə alınıb. Həmin dövrü və hadisələri dərindən öyrənəndə və müqayisə edəndə İmam Hüseynin mübarizəsinin əsas qayəsinin məhz bu fəlsəfə təşkil etdiyini əminliklə söyləyə bilərik.
Çox təəssüflər olsun ki, Azərbaycana ixrac olunan qeyri-ənənəvi cərəyanlar, xüsusilə də İran propoqandası şiə inancımızın yerini öz doğma cəmiyyətimizdə düzgün təsbit etməyə imkan vermir. Halbuki müasir və sekulyar Azərbaycan cəmiyyətində şiə etiqadının humanizminə və ədalət prinsiplərinə söykənmək üçün heç bir müctəhidə, mərceyi-təqlidə, orta çağın fanatik rituallarına ehtiyac yoxdur.
Bu dünyada heç bir millət biri digərindən daha qədim deyil. Bütün millətlər kapitalizm dövründə ərsəyə gəlib. Lakin millətləşmə prosesi heç də boş zəmində getməyib. Bu prosesin reallaşması üçün coğrafi ərazi faktoru ilə yanaşı, ümumi kollektiv məfhumlar, o cümlədən dini kimlik də lazım idi. Bu baxımdan milli azərbaycanlı kimliyini formalaşdıran əsas amillərdən biri də məhz şiəlikdir.
Şiəlik bizim milli hafizəmizin əsas kateqoriyalarından biridir. Əsrlər boyu bu torpaqlarda yaşayan insanların mənəvi dünyasının, mədəniyyətinin, ədəbiyyatının, mərasimlərinin və fəlsəfəsinin ayrılmaz hissəsidir. Ona görə də Azərbaycanda zamanın süzgəcindən keçərək milli xüsusiyyətlər qazanmış şiəliyə qarşı istənilən xarici ideoloji təzyiq Azərbaycanın tarixi-mədəni irsinə qarşı yönəlmiş sayılmalıdır.
Azərbaycanın tarixi təcrübəsi göstərir ki, milli həmrəyliyimizin əsasını yaradan amillərdən biri də məhz dini tolerantlıqdır. Heç kim bir başqasının düşüncə və həyat tərzini, əqidəsini, inamını və ya inamsızlığını təftiş edə bilməz. Hər kəs etiqadında hürrdür və etiqadına görə yalnız öz vicdanı qarşısında cavabdehdir. Eyni zamanda hər birimizin tərəqqi idealı qarşısında da bir vicdani məsuliyyətimiz var. Məhz bu məsuliyyət bizə deyir ki, heç bir vətəndaş dini həssasiyyətin istismarına, inancın siyasi və geosiyasi məqsədlərə alət edilməsinə göz yummamalıdır. Çünki etiqad azad vicdanların mühitində dəyər qazanır, manipulyasiya vasitəsinə çevriləndə isə öz mənəvi və ruhani mahiyyətindən uzaqlaşır.

Taleh ŞAHSUVARLI