- İşin içi
- 22:03
- 2 636
Şəffaf biznes mühiti investisiyanın əsas şərtidir - ŞƏRH
Müasir iqtisadiyyatda investisiyaların cəlb edilməsinin əsas şərtlərindən biri etibarlı biznes və maliyyə mühitinin formalaşdırılmasıdır.
Bunu Qazaxıstanın Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, investorlar ilk növbədə şəffaf, hesabatlı və etimadın yüksək olduğu bazarlara üstünlük verirlər.
"İnvestisiya ilk növbədə etimad olan mühitə gəlir. Etimad olmayan yerdə kapital hərəkət etmir. Keyfiyyətli audit investora şirkətin real maliyyə vəziyyətini obyektiv qiymətləndirməyə, riskləri azaltmağa və korporativ idarəetmənin keyfiyyətini yüksəltməyə imkan verir. Rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi şəraitdə auditin rolu daha da artır. Auditorlar artıq təkcə maliyyə hesabatlarını yoxlamır, həm də informasiya sistemlərini, rəqəmsal platformaları, daxili nəzarət mexanizmlərini, kibertəhlükəsizlik risklərini və risklərin idarə olunması proseslərini qiymətləndirirlər".
Akan Arıstanın fikirləri müasir iqtisadiyyatın əsas reallıqlarından birini əks etdirir: investisiyalar təkcə vergi güzəştlərinin və ya ucuz işçi qüvvəsinin olduğu ölkələrə deyil, ilk növbədə etimadın mövcud olduğu bazarlara yönəlir. Bu etimadın formalaşmasında isə audit institutu mühüm rol oynayır.
Qlobal iqtisadiyyatda investor üçün əsas məsələ şirkətin və ya bazarın real vəziyyəti haqqında dəqiq məlumat əldə etməkdir. Maliyyə hesabatlarının şəffaflığı, aktivlərin düzgün qiymətləndirilməsi və risklərin açıq şəkildə göstərilməsi kapitalın cəlb olunmasının vacib şərtlərindəndir. Audit məhz bu funksiyanı yerinə yetirərək investorla biznes subyekti arasında etimad körpüsü yaradır. Təsadüfi deyil ki, dünyanın ən çox investisiya cəlb edən ölkələri eyni zamanda ən güclü korporativ idarəetmə və audit sistemlərinə malikdir.
Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət daşıyır. Son illərdə qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların artırılması və ölkənin regional logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən siyasət biznes mühitinin daha da şəffaf olmasını tələb edir. İnvestor yalnız iqtisadi potensiala deyil, həm də hesabatlılıq və idarəetmə keyfiyyətinə diqqət yetirir. Bu baxımdan audit sistemi ölkənin investisiya cəlbediciliyinin mühüm elementlərindən biridir.
Rəqəmsallaşma isə auditin funksiyalarını daha da genişləndirir. Əvvəllər auditor əsasən maliyyə sənədlərini yoxlayırdısa, bu gün o, informasiya sistemlərinin təhlükəsizliyini, kiberriskləri, rəqəmsal platformaların etibarlılığını və daxili nəzarət mexanizmlərinin səmərəliliyini də qiymətləndirir. Xüsusilə rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə kibertəhlükəsizlik riskləri investorlar üçün maliyyə göstəriciləri qədər vacib amilə çevrilib.
Bu baxımdan audit artıq sadəcə nəzarət mexanizmi deyil, iqtisadi inkişafın və investisiya cəlbediciliyinin strateji alətlərindən biridir. Etibarlı audit sistemi olmayan ölkələr kapital uğrunda qlobal rəqabətdə geri qalır, güclü audit və korporativ idarəetmə institutları isə investorlara təhlükəsiz və proqnozlaşdırılan biznes mühiti təqdim edərək iqtisadi artımı sürətləndirir. Buna görə də auditə çəkilən xərcləri biznes üçün əlavə yük deyil, etimadın və investisiyanın formalaşdırılmasına yönəlmiş sərmayə kimi qiymətləndirmək daha doğru olar.
Nuray
Aznews.az