Mais Məmmədov: “Bu film bəzi adamların Qarabağı necə satdığını sübut edir ” Mais Məmmədov: “Bu film bəzi adamların Qarabağı necə satdığını sübut edir ”

“Xoca” filimi ilə bağlı daha bir ŞOK iddia

Mais Məmmədov: “Bu film bəzi adamların Qarabağı necə satdığını sübut edir ”



ANS şirkətlər qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov AzNews.az-a "Xoca" filmi ilə bağlı maraqlı açıqlama verib: "Burada söhbət nədən gedir? Qarabağdan... Film olayı belə yaranıb ki, biz özümüz necə satdıq bu Qarabağı? Bəzi adamlar satıblar bunu. Filmdə də bu sübut olunur"

Belə süjet xəttini özündə birləşdirən filmlə xarici ölkə səhnələrində təmsil olunmaq nə dərəcədə düzgündür? AzNews.az sualın cavabını bir neçə kino mütəxəssisindən aradı?

Kinorejissor Hüseyin Mehdiyev "Xoca"ya baxmadığını dedi: "Mən o filmə baxmamışam. Yəqin filmdə belə bir mövzu var ki, deyirlər. Olmasa deməzlər. Əlbəttə ki, bu məsələdə ancaq özümüzü təqsirləndiririk. Hər şeydə başımıza nə gəlirsə, özümüzü təqsirkar bilməliyik. Günahı heç kəsdə axtarmalı deyilik".

Kinoşünas Ayaz Salayev də "Xoca"ya baxmayıb: "Mən bu filmə baxmamışam. O filmlə bağlı müxtəlif fikirlər var. O ki, qaldı Qarabağı özümüz satmağımıza, bu balaca məsələ deyil".

Kinotənqidçi Aydın Kazımzadə də "Xoca"ya baxmadığını və M.Məmmədovun fikirləri ilə razılaşmadığını bildirdi. "Mənim adımdan hansısa qəzet yazıb ki, guya mən bu filimi tərifləmişəm. Mən "Xoca"ya baxmaya-baxmaya onu necə tərifləyə bilərəm? Belə şeylər də var. O ki, qaldı Mais Məmmədovun fikrinə, bu çox pisdir. Çünki biz deyirik ki, ermənilər Qarabağı rusların vasitəsi ilə alıb. Bunlar da deyir yox, Qarabağı özümüz satmışıq. İndi bunun yeri deyil.

Deməli, filmi nümayiş etdiririk ki, baxın, Qarabağı biz satmışıq? Məntiq yoxdur. Mən Mais Məmmədovun fikirləri ilə razı deyiləm. Bunu isbat etmək lazımdır. Bizim balqabaq olmağımıza görə, erməni 20 faiz torpaqlarımızı alıb. Bütün bunlar hərc-mərclik, ölkənin yiyəsizlik olmasından baş verdi.

Əgər ölkənin Heydər Əliyev kimi yiyəsi olsaydı, onlar Qarabağa heç bir metr də yaxınlaşa bilməzdi. Ümumiyyətlə, Qarabağı özümüz satmışıq kimi bir fikrin filimə salınması özü axmaqlıqdır. Ona görə ki, ermənilər bu fikri sabah bütün dünyaya göstərəcəklər. Ermənilər deyəcək ki, biz Qarabağı almamışıq, satıblar. Görün nə qədər səviyyəsiz bir fikirdir. Bu ermənilərin əlinə "kozor" verməkdir. Əgər filmdə belə bir epizod varsa, onunla öyünmək deyil, xəcalət çəkmək lazımdır. Biz dünyaya car çəkirik ki, ermənilər hazırlıqlı, bizimkilər hazırlıqsız olub. Biz silahsız olduğumuza görə, ermənilər torpağımızı aldılar".

Rejissor Rövşən Almuradlı baxmadığı bir film barəsində fikir yürüdülməsinin əleyhinə olduğunu və Qarabağı geri almaq üçün döyüşməyin vacib olduğunu vurğuladı: "Əvvala bu özü qəbahətli bir fikirdir. Yəqin ki, Mais Məmmədov özü də bunun içərisində gedir. Hərə bir söz deyir. Amma zaman hər şeyi həll edir. Elə məsələlər var ki, zamana böyük ehtiyacı var. Nə vaxtsa tarixi faktlar üzə çıxacaq, hər şey aydınlaşacaq, bulanıq sular durulacaq. İndi Qarabağın necə satılmasından deyil, onun hansı yolla geri alınması aktual məsələdir. Hazırda Qarabağı geri almaq haqqında düşünmək və bunun üçün döyüşmək lazımdır. Mən inanmıram ki, "Xoca" filmində Qarabağı özümüz satmışıq kimi ifadə olsun".

Bahar Rüstəmli
AzNews.az