Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdinin doğum günüdür. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdinin doğum günüdür.

Niyazi Mehdinin doğum gününə - “Onun beyni ideya “zavod”udur”

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdinin doğum günüdür.


Publisistikadan tutmuş etnoqrafiya elminəcən, estetikadan tutmuş dilçilik, fəlsəfə tarixi, kulturologiya və siyasətşünaslığacan ən müxtəlif yönlərdə araşdırmaların müəllifi olan görkəmli filosofun 65 yaşı tamam olur.

Aznews.az qələm adamlarının Niyazi Mehdi haqqında səsləndirdiyi fikirləri təqdim edir:

Aydın Talıbzadə: "Niyazi Mehdinin beyni elə bil ki, bir bilgi, "ideya zavodu"dur; həmin "zavod" bu Yazı ərəfəsində sanki öz sıxlıq enerjisindən "partlayıb" və onun bilgiləri "yağa su damar kimi" dağılıb xaosun içinə. Fəlsəfə professoru xaos balıqçısıdır. Niyazi Mehdi əlində tilov dənizdən balıq çıxarırmış kimi dünya efirindən ideyaları tutur, onların elmi diskursunu tapıb bu ideyaları tekstləşdirir, öz dərk etdiklərini söyləmlərlə bəlirtmək arzusunda bulunur. Fəlsəfə professoru istəyir ki, xaosdan yığışdırdığı ideyaların bir-birilə narrativ əlaqəsini aşkarlasın və bu ideyaları bir kəndirdə düyünləyib həmin kəndirin köməyilə ensin, mən nə bilim, hansı-hansı dərinliklərə".

Ağalar Məmmədov: "Niyazi Mehdi akademik "fəlsəfənin əraziləri"ndən (Delöz) qıraqda dayanıb "fəlsəfələyir". Azərbaycan akademik fəlsəfəsinin necə bərbad halda olduğunu görə bilən adam Niyazi Mehdinin kimliyi və dəyərini daha aydın görə bilər. Xatırladım ki, XX yüz illikdə Qərb fəlsəfəsinin əraziləri Nitsşe, Kierkeqar, Foyerbax, Marks, Şopenhauer kimi başqa dillə, başqa interpretasiya texnikaları və metodları ilə işləyən, yeni mövzularda yeni suallarla düşünən qeyri-akademik filosofların fəlsəfələri sayəsində genişləndi və təzələndi. Professor Niyazi Mehdi özünü qısır akademizmə həsr etməyəcək dərəcədə ağıllı adamdır".

Şahbaz Xuduoğlu: "Bu gün əziz dostum Niyazi Mehdinin 65 yaşı tamam olur. Neçə illərdi az qala hər axşamımız bir yerdə keçir - gəzirik, dərdləşirik, çay içirik, ilham və imkan olanda içirik, ta gecəyə qədər. Əvvəllər evlərimiz bu əlaqəni müqavimətlə qarşılayırdılar, sonra onlar da bir-birinə qarışdılar daha böyük olduq. Doğum günləri qutlamasında, bayramlarda böyük ailə kimi otururduq... İstər şəhərkənarına gəzməklərdə, istər evlərimizdə, fərq etməz.

"Niyazi əmi gəlib", "Niyazi əmi soruşur", "Niyazı əmi xoş gəldin!", "Niyazi əmi, bu sizsiz?", "Niyazi müəllim gəlmir?"- əgər son on beş il evimizdə danışılan sözlərin monitorinqi aparılsaydı, yəqin "Niyazi" yaxud "professor" kəlmələrinin daha çox işlənməsi bəlli olar.

Yəni mənə görə Niyazi Mehdi ən əziz adamdır.

Niyazi Mehdi söhbətləri, danışığı hər zaman maraqlı etməyi bacarır. Ən adi məsələdən elə mürəkkəb nəticələr çıxara, yaxud son dərəcə mürəkkəb məsələləri elə aydınladar ki, adam sadəcə heyrət edər. O hər zaman qeyri-adi yanaşma tərzi ilə adamı heyrətləndirməyi bacarır.

Adamlar haqqında böyük sözlər onları böyütmür. Adamları böyük edən elə onlar özləridir. Əməlləri, işləri, bacarıqları ilə. Niyazi Mehdi çox vaxt evdə oturur. Nə zaman soruşsan əlimdə yazım var deyir. Davamlı olaraq yazır, mütaliə edir.

65 yaşda olan insanlarımızdan soruşanda nə oxuyursan, "vaxt yoxdur", "çoxdandır oxumuram" deyirlər. Buna çox üzülürəm. Əslində, mütaliə bu yaşdan başlayır. Əslində, professorun "sulu" düşüncə tərzinin olmasının bir mühüm səbəbi varsa, o da daim mütaliə etməsidir.

Adamlar olduqlarından daha gənc görünməyə çalışırlar və bəzən ona nail olurlar, professor yeganə adamdır ki, olduğundan daha yaşlı görünür. Bu onun olduğundan, göründüyündən, dərk etdiyimizdən daha böyük olması ilə bağlıdır.

İndi isə professorla bağlı tragikomik bir əhvalat deyim.

QHT işində Niyazı Mehdini istintaqa çağırmışdılar. Bir ay boyunca müstəntiq hər gün professoru dindirirdi. Hər dəfə müstəntiqin yanından çıxanda soruşurdum nə deyir, nə soruşur, deyirdi heç nə, şahmat oyunu davam edir, o bir söz deyir, mən başqasını, artıq bu oyun mənim xoşuma gəlməyə başlayıb. Bir dəfə də istintaqdan çıxanda məyus halda dedi:

- Şahmat oyununu uduzdum.
Sonra bildim ki, müstəntiq deyib, daha bəsdir, get bu qədər gətir məsələni bitirək..."

Salam Sarvan: "Niyazi Mehdi, haqqında çox danışa biləcəyim adamlardandır. İnsan kimi də maraqlıdır, alim kimi də, yazar kimi də. Onunla bir süfrə arxasında oturmaq da, yol getmək də, ayaqüstü bir kəlmə kəsəmək də, hətta onu uzaqdan görmək də adamın ruhunda izlər qoyur. Niyazi müəllimin sahəsindəki filosoflardan biri deyirdi ki, düşünürəmsə, deməli, varam. O fikri burada təhrif eləyib belə də demək olar: Düşünürlərsə, deməli varıq. Yəni Niyazi Mehdi kimi düşünərlər varsa, deməli, özümüzün varlığımızı hiss edə biləcəyimiz cəmiyyət var, mühit var, aura var".

Güntay Gəncalp: "Hələ Güney Azərbaycanda yaşadığım zaman Niyazi Mehdinin yazıları ilə tanış olmuşdum. Tam 20 il öncə Niyazi Mehdinin "Dünya" dərgisində yayımlanan məqalələri əlimə çatmışdı. Çətinliklə oxuyaraq öncə ərəb əlifbasına çevirərdim, daha sonra bu əlifbada rahatca və qavrayaraq oxuyardım. Ana dilimdə oxuduğum ilk fəlsəfi yazılar Niyazi Mehdinin Qərb fəlsəfəsi üzərinə yazdığı məqalələri olmuşdur. Yaxından heç vaxt görüşməsək də, Arazın o tayı adlanan vətən duyğularıma Niyazi Mehdiyə olan sayğılarım da qarışmışdı. İstibdad vurmuş bir ölkədə düşüncə yolçuluğuna çıxmaq asan iş deyil. Yasaqlar, təqiblər, qorxular, işgəncələr var. Qaranlıq görüşlər özünü qorumaq üçün gərəkən önləmləri alır. Bu üzdən düşüncə həyatı yolçuluğumda əldə edə bildiyim qədər Niyazi Mehdinin yazılarını təqib etdim. Niyazi Mehdi yazarlığında ilk gündən təsbit ediyim məsələ yazarın oxucusunun ağlında soru işarəti oluşdurması olmuşdur. Düşündürə bilmək, əsla asan iş deyil. Çünki Hegelin ifadəsi ilə söylərsək "düşüncə zamanın şüurda yaxalanmasıdır". Zaman qavramı düşüncə üçün çox önəmlidir. Onun fiziksəl, fəlsəfi ölçüləri ilə çox uğraşmışlar. Niyazi bəyin yazılarında oxucu şüurunu təhrik edən suallar düşüncənin önünü açdığından bəlli ölçüdə zamanın yaxalanışı söz konusu olur".

Bəybala Mirzəyev: "O da bizdəndir... Türkdür... Müsəlmandır... Bu ölkənin çörəyini yeyib. Havasını udub, suyunu içib və s. Amma o, bizim kimi deyil. O, nə biz Azərbaycan türklərinə, nə də ki İranın,Türkiyənin, Səudiyyə Ərəbistanının müsəlmanlarına bənzəmir. Qəti bənzəmir! Təsbeh çevirmir. Eybəcər vəhhabi saqqalı saxlamır. Namaz qılırmı? Bilmirəm. Oruc tuturmu? Bunu da bilmirəm. Mənimçün önəmli olan onun namaz qılması, oruc tutması deyil. Qayıdaq mətləbə. Mən Niyazi Mehdi haqqında danışmaq istəyirdim. Mənim üçün önəmli olan onun düşüncələridir. Niyazi bəy İslam və müsəlmanlar haqda çox qiymətli araşdırmalar aparmaqdadır. Və həmin araşdırmalar nəticəsində gəldiyi qənaətləri də yeri gəldikcə mətbuatda və Feysbukda paylaşır. Görəsən, bundan sonra ikinci bir Niyazi Mehdi tapılacaqmı ki, İslamın total şəkildə gözdən salınmağa və biz müsəlmanların da vəhşi,cahil kimi tanıdılmağa çalışıldığı hazırki dünyada meydana çıxa və İslamın mütərəqqiliyini, müsəlmanların da normal insanlar olduğunu sübut eləyə bilə? Açığı,bu suala cavab verməyə çətinlik çəkirəm. Amma müstəqil olduğmuz son 23 il ərzində Niyazi Mehdidən öncə kimsə dinimiz və dindarlarımız haqqında bu cür mükəmməl yazılar yaza bilməyib,bu cür dərin fikirlər səsləndirə bilməyib və bu cür düşündürə bilməyib.

Mən bu hörmətli professorumuzu yalnız və yalnız 120-130 il bundan öncə yaşamış böyük Türk-İslam mütəfəkkiri Seyyid Cəmaləddin əl-Əfqani ilə müqayisə edərdim. Mən fəxr edirəm ki, bu ölkədə Niyazi Mehdi kimi çağdaş düşüncə sahibləri var. Və çox istərdim ki,həm bəzi savadsız dindarlar, həm də dinimizin üzərinə köpək sürüsü kimi hücum çəkən bəzi modernist yazarlar hörmətli Niyazi bəyin yazılarını təkrar-təkrar oxusunlar. Oxusunlar və utansınlar... Qələminizə qüvvət, Niyazi bəy!"