Deputatın əsərinə 1 manatlıq qadağa - Rejissor teatrın paxırlarını açdı

Bir müddət əvvəl Akademik Milli Dram Teatrında millət vəkili Hüseynbala Mirələmovun “Mərhumun mesajı” adlı əsərinin oynanılmasına qadağa qoyulması ilə bağlı məlumat vermişdik.


Bildirmişdik ki, Azər Paşa Nemətov teatra təyinat alandan sonra tamaşadakı qüsurlarla bağlı rejissor Oruc Qurbanova dəfələrlə xəbərdarlıq edib, lakin nöqsanlar aradan qaldırılmayıb. Məlumatda o da qeyd olunurdu ki, əsərin müəllifi H.Mirələmov özü də tamaşanın məşq prosesindən narazı qalıb, hətta əsərini tanımadığını dilə gətirib.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı tamaşanın rejissoru, Əməkdar İncəsənət xadimi Oruc Qurbanovla əlaqə saxlayıb. O, "Mərhumun mesaji" əsərinin səhnələşdirilməməsiylə bağlı bəzi məqamlara aydınlıq gətirib: "Bir ildir əsər üzərində iş gedir. Məşqlər naməlum səbəblərdən bir neçə dəfə dayandırılıb. Mənim hazırladığım tamaşadan sonra üç əsərin hazırlanması əmri verilən tamaşalar irəli atılıblar. Onların tamaşalarına vəsait də tapılıb. Bir il ərzində, yəni altı ay sabiq direktor İsrafil İsrafilovun vaxtında, altı ay isə indiki rəhbərliyin vaxtında dekor, kostyum, əlbisə hazırlığı üzərində heç bir iş aparılmayıb. Səbəb isə indiki rəhbərliyin teatrda "bir manat da yoxdur" deməsidir. Mən də son praqondan sonra məşqləri dayandırıb, tərtibat işləri aparılmayana qədər düzəlişləri edib, məşqlərə başlamayacağımı bildirmişəm. Bu barədə teatrın rəhbərliyinə 16.02.2016 tarixində rəsmi məlumat və 23.02.2016 tarixində teleqramla müraciət etmişəm".

Rejissor sözügedən teleqramın sürətini də redaksiyaya təqdim edib.

Müraciətdə deyilir: "Bir ildir ki, dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" əsəri üzərində məşqlər gedir. Altı ay İsrafil İsrafilovun vaxtında vəsaitin olmaması ucbatından dekorasiya işi getmədi. Hərçənd ki, mənim tamaşamdan sonra əmri verilən "Misyo İbrahim", "Herostratı unudun" və "Müfəttiş" tamaşaları naməlum səbəblərdən irəli keçirilib. İki tamaşanın dekor, kostyum işləri üçün vəsait tapıldı. Mənim hazırladığım tamaşa hər 1,5 aydan bir dayandırılır, geri atılırdı. İndi teatra siz (Azər Paşa Nemətovu nəzərdə tutur – red.) rəhbərlik edirsiz. Fevralın 10-u baxışdan sonra siz də bildirdiniz ki, tamaşaya xərcləməyə bir manat da yoxdur. Lakin dramaturq söz verdi ki, bu tamaşanın maliyyələşdirilməsi üçün vəsaitin tapılmasında teatra köməklik göstəriləcək. Bu əsər tamaşaçı diqqətini aktual mövzulara cəm edən bir tamaşa olacaq".

Rejissor əsərin müəllifinini ikili fikirlər səsləndirdiyini vurğulayıb: "6 fevralda praqon məşqə baxan müəllif müzakirə zamanı bildirdi ki, unikal bir tamaşa yaranır, artıq unikal tamaşanın konturları görünür, dekor, kostyum da olandan sonra yaxşı tamaşa olacaq.

Lakin 10 fevralda teatrın direktoru ilə yanyana oturub praqona baxan müəllif müzakirədə tam əks fikir söylədi. Mən son günlər diqqətlə direktorun və müəllifin tənqidi fikirlərini özüm üçün təhlil etdim. Tamaşanın xeyrinə olan kifayət qədər dəyərli məsləhətlər var".

O.Qurbanov A.Nemətova müraciətində teatr səhnəsinin bərbad vəziyyətdə olduğunu deyib: "Düzəlişlərin bir qismi dekorla bağlıdırsa, əsas qismi də yarıtmaz vəziyyətdə olan səhnə texnikası ilə bağlıdır. Avansəhnədə olan lyuk qəzalı vəziyyətdədir. Səhnə işçiləri xəbərdar ediblər ki, aktyorlar onun üstünə çıxmasınlar, hər an lyuk səhnənin zirzəmisinə düşə bilər, aktyorlar xəsarət ala bilərlər. Ona görə də ön plandakı mizanlara əl gəzdirmirəm, sonraya saxlayıram. Səhnənin "kruqu" ilişir. Sağa fırlanacağını gözləyən iştirakçılar qəflətən sola hərəkət etdiyindən zorla özlərini saxlayırlar. Siz praqona baxarkən məşqin demək olar ki, alaqaranlıqda keçdiyini gördüz. Praqon vaxtı işıq sexinin müdirinə müraciət etdim ki, işığı azacıq artırsınlar, aktyorların üzləri görünmür, o bildirdi ki, məlumat vermişəm, hələlik lampalar alınmayıb. Musiqi sexi üçün alınan disklərin brak olduğunu bildirən radist hər məşqdə bildirir ki, bu səbəbdən musiqiləri ardıcıl yaza bilmir. Bir ildir ki, birinci kursun dərs proqramı kimi Akademik Milli Teatrının Xalq, Əməkdar artistləri xəyali əşyalarla məşq etmək məcburuyyətindədirlər. Soruşanda əlbisə sexi bildirir ki, demişik, hələlik alınmayıb".

Rejissor teatrın direktorundan tamaşanın repertuara daxil edilməsi üçün yardım etməsini rica edib.

Bahar RÜSTƏMLİ
AzNews.az