“Sabir Əhmədli mənə dedi ki, çox köhnə-kürüş şeylər yazırsan” “Sabir Əhmədli mənə dedi ki, çox köhnə-kürüş şeylər yazırsan”

Tanınmış yazıçı üsyan etdi – “Mövlud Süleymanlı bədxah adamdır”

“Sabir Əhmədli mənə dedi ki, çox köhnə-kürüş şeylər yazırsan”



Yazıçı Əlabbasın AzNews.az-a müsahibəsi:

– Əlabbas müəllim, siz neçənci illərdən yazıb-yaratmağa başlamısınız?
– Əslində, yaşıma görə 80-cilərdən hesab olunuram, amma o illərdə yazılarım az çap olunurdu...

– Hər halda ilk yazılarınız bu illərə aiddir...
– İlk yazım 1981-ci ildə "Ulduz"da çıxıb, 83-də "Azərbaycan"da iki hekayəm gedib, 88-ci ildə yenə "Azərbaycan" jurnalında "Köhnə kişi" povestim çap olunub.

– Yaşınız neçədi ki?
– Qismətdə varsa, mayda 59 olacaq.

– Niyə 80-cilərə uduzmuş, itmiş nəsil deyirlər? Siz harda uduzmusunuz, harda itib-batmısınız?
– Bu fikir kimlərinsəədəbi maraqlarına xidmət eləyir, ona görə belə deyirlər. Anar, Elçin, Əkrəm Əylisli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Rüstəm və Maqsud İbrahimbəyovlar və başqaları hamısı bir ədəbi nəsildirlər. Ancaq o vaxtlar ədəbi aləm sanki Əkrəm, Anar və Elçindən ibarət bir sütunun üzərində dayanmışdı. Tənqidçilər konkret olaraq bu ədəbi nəslin aparıcı nümayəndələrini ayırır, təhlillər aparır, təqdim edirdi.

– Sizin ədəbi nəsilə belə diqqət olmadı?
– Yox, 80-cilərə aid bu cür ayrıntı aparan olmadı. Heç 70-cilərdən olan Vaqif Nəsib, Mövlud Süleymanlı, Azər Abdulla, Əli Həsənli, Məmməd Oruc, Natiq Rəsulzadə və digərlərinə də "altmışıncılar"a olan o diqqət göstərilmədi.

– Söhbət nəsrdən gedir, 80-cilərdə hansı imzalar var ki?
– Rafiq Tağı, Eyvaz Zeynalov, Aqil Abbas, Firuz Mustafa, Aslan Quliyev, Nəriman Əbdürrəhmanlı, Kamran Nəzirli, Saday Budaqlı, Kamil Əfsəroğlu, Səfər Alışarlı, Azad Qaradərəli, Eyvaz Əlləzoğlu, Zahid Sarıtorpaq, Vaqif Sultanlı, Baba Vəziroğlu, Sadıq Elcanlı, Murad Köhnəqala... Qadın yazarlardan Afaq Məsud, Mehriban Vəzir, Zöhrə Əsgərova və başqaları. Saysan, maşallah, böyük bir ordunun siyahısı düzələr.
Nə itmiş nəsil? Burda söhbət təkcəsaydan getmir, bu nəsil heç sanbal baxımından da sələflərindən geri qalmırdı. Bu sözü əvvəllər demişəm, yenə də deyirəm, 60-cıların bəxti onda gətirdi ki, onların tənqidi vaxtında formalaşdı, az qala hər birini ədəbi fakt kimi ortaya qoya bildi, dil, mövzu, ideya və obrazlarından qədərincə bəhs elədi. Yaşar Qarayev, Bəkir Nəbiyev, Akif Hüseynov, Aydın Məmmədov, Nadir Cabbarov, Arif Səfiyev... hətta bir qədər sonrakı dövrə təsadüf edən Rəhim Əliyev, Vaqif Yusifli, Sabir Bəşirov, Nizaməddin Şəmsizadə, Tehran Əlişanoğlu da 60-cıları gen-bol tədqiq elədilər.

– Ümumiyyətlə, ədəbiyyatda udmaq necə olur, uduzmaq necə olur? Bəzən xalq yazıçısı olanda udmuş, xalq yazıçısı olmayanda yazıçını uduzmuş hesab edirlər.
– Ramiz Rövşənin heç bir titulu yoxdur, amma o, uduzubmu? Məmməd Araza xalq şairi adını hamıdan gec verdilər, buna qədər o, onsuz da Məmməd Araz idi. Bəlkə də, Məmməd əmi bu adı heç lazımı olmayan bir vaxtda, Qarabağda döyüşlərin getdiyi ən şiddətli bir dövrdə aldı. Yaxud Yaqub Məmmədov kimi azman bir sənətkara 70 yaşdan sonra xalq artisti verdilər. Bu, lazım idi Yaqub müəllimə?

– Titullar bəzən böyük istedadın üstünə kölgə kimi düşür...
– Əlbəttə, elədir. Adamın boynunda məsliyyəti artırır. Filan şeyi bu cür etməyim, mən xalq şairiyəm. Filan şeyi bu cür edim, mən xalq yazıçısıyam. Salam Sarvana xalq şairi adı versən də, verməsən də, məncə, heç nə dəyişən deyil. Əksinə, Salam indi daha rahatdı, daha müstəqildi, amma o adaları qazanandan sonra bu sərbəstliyi olacaqmı, maraqlı orasıdı.

– Siz xalq yazıçısı deyilsiniz, heç olmasa, özünüzü rahat, müstəqil, sərbəst hiss edirsinizmi?
– Səhhətimdə problemlər olmasaydı, özümü yazılarımın içində, necə deyərlər, yağ içində böyrək kimi hiss edərdim.

– Bir az da AzNews.az-da ananız haqda gedən yazıdan danışaq.
– Bu yazı tirajlansın deyə dostlardan xahiş etdim, lent.az-a da qoysunlar. Sizin saytda bu yazını on doqquz min nəfər oxudu, amma lent.az-da cəmi 68 izləyici. Nəyə görə, deyim. Çünki AzNews.az onu ayrı başlıqla vermişdi. Hamı maraqlandı, hamı saytı açıb oxudu, dərhal reaksiya gəldi. Kim də bilməsə özümə məlum oldu ki, yazını izləyənlərin əksəriyyəti mənim yox, Məmməd Arazın oxucularıdı.



– Məncə, onlar heç Məmməd Arazın da oxucuları deyil...
– Təbii ki, orda macəra axtaranlar daha çoxdu. O sərlövhə öz işini gördü. Eyni yazı həm "Ədəbiyyat qəzeti"ndə, həm də "Lent.az"da "Allah adamı" başlığıyla gedib.

– Hər halda yazı çox maraqla qarşılandı...
– Çünki söhbət xalq danışıq dilinin, folklorun, bütöv bir mədəniyyətin daşıyıcısı olan analardan gedir. Təbii ki, mən bunu anamın timsalında verməyə məcbur idim, amma bir yerdə də onun adını çəkmədim, çünki məqsədim nekroloq yazmaq deyildi. Yazıdan sonra edilən zənglərdən hiss elədim ki, çox boyük bir müəllif ordusunun ana haqda yazmaq istəyini, deyəsən, babat ifadə eləyə bilmişəm.

– Ananızla Məmməd Araz necə qohumdu?
– Anamın dayısı Əsədxan kişi ilə Məmməd Arazın atası İnfil baba doğmaca əmioğlu olublar. Zamanında ermənilərə qan udduran bu adamlar haqda söz-söhbətlər hələ də səngiməyib. Ata-ana üzü görməyən kimsəsiz, yetim qızı saxlayıb böyüdən də dayısı olub. Anam ölən günə qədər İnfil babanı dayı, onun bir həyətdə böyüdüyü qızları Gülsüm xala ilə Məryəm xalanı isə özünə bacı bildi. O illərin qohumları bir ayrı cür idilər, indiki kimi soyuq deyildilər.

– Ananızın Məmməd Arazın ilk sevgisi olması ilə bağlı dediyiniz fikirdən narahat deyilsiniz ki?
– Yox, qətiyyən, narahat deyiləm. Nəyə görə? Əvvəla, o yazı dil materialı üzərində qurulduğuna görə istəyirəm ki, bu söhbətə başqa məna, yad çalar vermək istəyən varsa, bilsin ki, "filankəsin ilk sevgisi olmaq başqa şeydi, sevgilisi olmaq bir başqa şey".
İkincisi, Məmməd əmi kimi həm yaraşıqda tayı-bərabəri olmayan, həm də cavankən ad-san yiyəsi olan bir oğulun sevgisini qazanmaq da hər xanıma nəsib olan xoşbəxtlik deyildi. O biri tərəfdən də, atam Məmməd əmidən yeddi yaş böyük olub, anamı da 16 yaşı olanda, yəni 48-ci ildə qaçırdıb və onlar atam rəhmətə gedənə qədər, düz 45 il bir yastığa baş qoyub, can deyib, can eşidiblər. Hələ indi də var, qohum-qardaş onların bir-birinə etibar və sədaqətindən danışır.

– Sizin ananız barədə səmimiyyətiniz hamıya xoş və maraqlı gəldi. Bunu demək istəyirəm.
– Bu, artıq başqa məsələdi. Bizim tanıdığımız qadınları, guya, başqa istəyənlər olmayıb? On adam istəyər, biri alar. Qız ağacı, qoz ağacı, deyiblər. Yazıçı üçün xoşbəxtlikdir ki, oxucu onun əsərini oxuyanda başa düşsün ki, müəllifin sözünün Mustafası nədi, nə demək istəyir...

"Köhnə kişi"dəki Qaratelin prototipi ilk sevdiyim qız olub. O indi başqasının xanımıdı, amma hələ yadımda deyil ki, Allahdan ona xoşbəxtlik arzulamadığım gün olsun. Bunu bilən bir köynək yaxın dostlarım görüşəndə hərdən indi də maraqlanırlar ki, Qarateldən nə xəbər? Görüb eləyirəm onu, ya yox? Deyim ki, biz bir yerdə olsaydıq, bəlkə də, mən bu qədər xoşbəxt olmazdım. Təəssüf ki, bizdə səmimi adama, sözü düz deyənə pis baxırlar, deyirlər, ağıldan o söz. İndi neyləməliyik, durub bunun da davasını aparmalıyıq?

– Əlabbas müəllim, neçə ildi yazıb-yaradırsınız, nəsə bir qarşılıq görmüsünüzmü?
– Desəm, heç nə görməmişəm, Allahsızlıq olar. 89-da birdən-birə iki kitabım çıxdı, Abbas Abdulla xəbər gətirdi ki, onda "Ulduz"da işləyirdim, bəs Əkrəm səni axtarır. "Köhnə kişi" bir ay olardı çıxmışdı. Əkrəm müəllimlə söhbətimiz də o barədə oldu. Bunları ətraflı yazmışam deyənə, vaxt almaq istəmirəm. O görüş məni Yazıçılar Birliyinin üzvü elədi, 1993-də isə ev aldım. Daha neyləməliydilər, İttifaq istedad paylamırdı ki, bir kisə də mənə verələr, birini də üstəlik.

– Bəs bundan sonra ədəbiyyatdan nə umursunuz?

– Kəramət, vallah, mən heç vaxt ədəbiyyatdan heç nə ummamışam. Həmişə ürəyimdən keçib ki, kaş "Mirvari" kimi bir povest yaza biləydim, kaş "Həyat eşqi" kimi bir hekayə yaza biləydim... Kaş "Əyilməzlık" mənim hekayəm olaydı. "6 nömrəli palata"nın müəllifi mən olaydım. "Can yanğısı" mənim qələmimdən çıxaydı. Yaxud "Rusiyadan gələn qardaş"ı mən yazsaydım, nə olardı? Umduğum yalnız bunlar olub, ürəyimdən həmişə belə hisslər keçib. Daha demirəm ki,əlimin altda beş hazır kitab var, çap eləyə bilmirəm. Ömür çatmasa da, daha dərd eləyən deyiləm bunu. Olanlar da bəsimdi.



– Povestiniz bir tərəfə qalsın, özünüzdə köhnə, klassik kişi obrazı var...
– Əgər kənardan da belə görünürsə, çox xoşdu bu. Müəllif yaza-yaza gec-tez bir fərd olaraq öz obrazını da yaratmış olur. Bundan qaça bilməzsən. Yazıçı həyatda nədirsə, yaratmaq istədiyi xarakter də odu. Bu mənada Kərbəlayı İsmayıl, Abasqulu bəy, Qəmlo məndən ötrü Fərman Kərimzadənin yazıdakı əksindən başqa bir şey deyil. Cahandar ağa İsmayıl Şıxlının, Qədir ƏkrəmƏylislinin, Zaur Anarın proobrazıdı. O baxımdan Əfsun Əlibəyli beyniqan, Təbrız üsyankar, Muradsa ahıl, amma barışmaz Əlabbasın özüdü ki, durub.

"Köhnə kişi"ni 20 yaşda yazmışam. Orda elə şeylər var, indinin özündə də səksənirəm ki, o yaşda bunlar hardan gəlib ağlıma? Hamısı kənddən süzülüb gələn şeylərdir. Uzağa getməyə ehtiyac olmayıb. Qonşularımıza, müəllimlərimə, kənd adamlarına, atama, əmimə, dağlara, bağlara, Nursun bənzərsiz çöllərinə baxıb onları yazıya almışam. O şeylər ki, xarakterimi formalaşdırıb, onlar mənə süddən də çox dədə-baba qanıyla keçib. Babam Nəsib də, atam Məmmədhüseyn də, ağsaqqal əmilərim də el-obada qanbağlayan kişilər kimi ad qoyub gediblər. Amma mən gəlib Bakıda xarakterini yaradacağım adamları görə bilmədim. Stendalın bir sözü var, ürəkdən tikan çıxarır. "Əyalət xarakterlər, şəhərsə tiplər yetişdirir" Çox dəqiq, klassik ifadədi.

– Niyə çap eləyə bilmirsiniz kitablarınızı, çox qəribədi...
– O vaxt qoymurdular, indi də imkan yoxdu.

– Kim qoymurdu?
– Sən "Köhnə kişi"nin taleyini bilirsən?

– Yox...
– Çox təəssüf... Sən bir istedadlı nasir kimi bunları bilməyəndən sonra, daha başqalarından nə umum?

– Deyin, bilim...
– Deməli, belədi... O əsəri düz 81-dən-88-ə qədər sözün hər iki mənasında, "Azərbaycan"ın redaksiyasında, başqa sözlə desək, podvalında "yatızdırıblar". Özü də necə lazımdı. Sən o povesti oxu, xahiş edirəm.

Bu sözü sənə mən deyirəm, sözümün də arxasında dururam, kim məni ittiham eləsə, cavab verməyə hazıram. O cür povestlər təkdəbir yaranır. Əgər 80-ci illərdə "Köhnə kişi"ni bizim döşünə döyən yazıçılardan hər hansı biri yazmış olsaydı, kefinistəyən, qəşəng bir mükafat alardı. Amma o povesti ağzından süd iyi gələn bir uşaq yazdığına görə dəyərini verən tapılmadı. Özlərini görməzliyə qoydular. "Gümüşü gecələr" gəldi, yenə susdular, "Qiyamçı" gəldi, yenə elə... "Qaraqovaq çölləri"ndə artıq hiss elədilər ki, deyəsən, bu xına o xınadan deyil. Nə eləyək, nə eləməyək? Hücum!... Vurmaq lazımdı bu adamı!

– Əkrəm Əylisli sizi "Azərbaycan" jurnalında çap edirdi?
– O vaxt bir çox gəncin həyatında xüsusi rolu olan Əkrəm müəllimin mənə də yaxşılığı keçib. Ev almağımda onun və rəhmətlik İsi Məlikzadənin birbaşa xidməti olub. Məni İttifaqa Əkrəm müəllimlə rəhmətlik Cabir Novruzun tövsiyəsi ilə üzv eləyiblər. Evimə gedən yollar oralardan baş alıb gəlir. Xeyirxahlarım olan rəhmətlik Əlibala Hacızadə, Əhəd Muxtar, İsa İsmayılzadə, Natiq Səfərov, Toğrul Cuvarlı, Səyavuş Məmmədzadə, Sabir Rüstəmxanlı, Natiq Rəsulzadə ilə bərabər, o vaxt məni yaxına buraxmayanlar daha çox olub.

– Nə deyib sizi yaxına buraxmırdılar?
– O vaxt bundan asan nə vardı? "Bədii cəhətdən zəifdi", vəssalam, yıxıldı dədənin evi. Get as özünü. Bu cür ştamplı, dərkənarlı məktubları bız nəsildən kimlər görməyib? Hamı görüb. Amma əslində məqsəd tamam başqa şey olub, nə bədii cəhət, bədii cəhət nədi, ə?

– Əkrəmin bəyəndiyi əsəri Mövlud Süleymanlı niyə bəyənməsin ki?
– Söhbət də elə bundan gedir. Aslan Quliyevin illər öncə "Onlar məni öldürdülər" adlı bir yazısı çıxmışdı. Mən də ona dəstək cavabı yazdım ki, onlar kimi öldürmədilər, qardaş? Adamı əzib, sındırıb, şikəst eləyib, öldürüb sonra da adını itmiş nəsil qoymaq nə çətin şeymiş ki? Xahişim odu ki, o yazıların hər ikisini ard-arda verin, qoy bilməyənlər oxusun 80-ci illərdə nələr baş verib mətbuat aləmində.

– Ad çəkə bilərsiniz?
– Kəramət, görürəm çox ad, ad deyirsən. Guya, desəm məsələn, rəhmətlik Sabir Əhmədov məni çap eləməyib, təzədən nə dəyişəndi ki? Özümə də deyib ki, sən "Ədəbiyyat"da çap üzü görməyəcəksən, aç qulağını eşit! Dedi, çox köhnə-kürüş şeylər yazırsan. Elə də oldu. O qəzetin qapıları üzümə indi açılıb. İşə bax ki, sözü üzümə düzünəqulu, şax deməyi sonralar bizi çox yaxınlaşdırdı, amma daha mən də keçmədim Sabir müəllimin qılıncının altından, tərsəm mən.

O illər astanasından keçə bilmədiym daha bir neçə nəfər vardı ki, onların ən möhtəşəmi Mövlud Süleymanlının qapısı olub. Faciə nədədi, bilirsən? Faciə ondadı ki, Mövlud Süleymanlı istedadlı adamdı, gözəl nasirdi, kəndi, onun psixologiyasını, dili gözəl bilir. Bunu dilimdən beləcə də yaz, amma orasını da yaz ki, bu sözləri deyən Əlabbas Bağırovdu, "Köhnə kişi"ni yazan oğlan. Amma məni çaşdıran odu ki, o cür istedadın yiyəsi də bu qədər bədxah ola bilər yəni? Özü də tək mənim yox, bütün 80-cilərin başında qoz sındırıb o. Onun çap etdiyi gənclərdən, söhbət gənclərdən gedir, biri dəədəbiyyatda qalmayıb. Qalıbsa, göstərsin.

– Başqa kimləri çap eləmirdi Mövlud müəllim?
– Kimlərin simasında özünə potensial rəqib görürdüsə, onu. Halbuki onların içindən Aslan Quliyev çıxdı, hazırda 15 romanı var. Azad Qaradərəli çıxdı, 5-6 romanı var. Nəriman Əbdülrəhmanlı çıxdı, şükür Allaha, Nəriman bu gün ədəbiyyatın sayılıb-seçilən fiqurlarından biridir. Eyvaz Zeynalov yenə elə, neçə-neçə romanın müəllifidi. Mövlud Süleymanlı onların heç birini çap eləməyib.

– Mövlud Süleymanlının bu davranışları sonrakı işlərinizdə sizə mane oldumu?
– Əlbəttə, oldu. Elə bilirsən, hər yetən gözəlliyindən yarıyır. Xeyr, o gözəlliyin başa bəla olan vaxtları da var. Gəldi o tale "Köhnə kişi" kimi o biri yazılarıma da qismət oldu. Amma Mövludun məqsədi məhz o əsəri vurmaq deyildi. Əksinə, o povesti həmişə tərifləyib. Onun davası tək mənlə yox, Kərbəlayı İsmayıl demişkən, təzə hökumətnən, yəni adlarını sadaladığım yeni ədəbi qüvvələrnən idi. Kaş Mövlud məni o vaxt qanıma qəltan eləyəydi, amma o addımı atmazdı. O yara sağalan yaradı, amma böyükdən öz həmkarına qarşı belə hərəkət? Bunun adını bilsə-bilsə, yenə Mövlud bilər, o, dili bizim nasirlərin hər birindən yaxşı bilir, səmimi deyirəm. Əgər o hadisələr olmasaydı, mən iki roman əvəzinə beş roman yazardım. Özü də necə roman?! Neçə-neçə hekayəmi, povestimi ona görə cırıb atmışam ki, Mövlud o cür yazını bəyənməyibsə, deməli, bunu dünəndən bəyənməz, mənasız yazmışam. Ya Allah, deyib cırıb atmışam.

– Niyə?
– Çünki o vaxt mən Mövluda, əstəfurullah, Allah gözü ilə baxırdım.

– Bayaq dediniz ki, sizin reklamınız yoxdur. Bu gün dar bir çevrədə reklamı olan yazarlar var. Bunların yazıları sizə necə təsir edir?
– İstedadlı adam görəndə hamı da olmasa, əksəriyyət sevinir. Mübariz Örənin "İlıq" adlı bir hekayəsini oxudum, məni silkələdi. Mən o hekayəni romana dəyişmərəm. Yaxud Alpay Azərin "Yaşıl mafə" hekayəsi super bir hekayədir. Cavidin "Ölüm qovluğu" da həmçinin. Kənan Hacı, Natiq Məmmədli və başqaları tez-tez vərəqlədiyim nasirlərdi. Bunlara necə sevinməyəsən?

– Seymuru da oxuyursunuz?
– Seymur Baycanın publististikasını çox maraqla oxuyuram, fikirləşirəm ki, adam bundan artıq necə istedadlı ola bilər? Hər şey yerində, qaydasında. Amma hələlik nəsri məndə o fikri yaratmayıb. İndi də o fikirdə qalıram ki, istedadı olmaq bir şeydi, yaxşı nasir olmaq başqa şey. Qələm dostlarımın hamısına uğurlar diləyirəm.

Kəramət Böyükçöl