“Forum Multikultralizmin Azərbaycan modelini dünyaya daşıyacaq”

Bu gün Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb.


AzNews.az xəbər verir ki,forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edirlər.

Forumun əhəmiyyətindən danışan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Azərbaycanın dünyada beynəlxalq tədbirlərin keçirildiyi strateji ölkə kimi tanındığını dedi: "İki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik, regional dinamiklik və təhlükələr, iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq."

Forum iştirakçılarının dünya siyasi mənzərəsində kifayət qədər çəkisi olan şəxslərdən ibarət olduğunu deyən S.Abbasov bu faktorun ölkəmizin dünyadakı nüfuzunu müəyyənləşdirdiyini dedi: ""Bu gün dünyada dini və etnik zəmində baş verən qanunsuzluqlara qarşı çoxsaylı dövlətlərin nümayəndələrinin məhz Bakıda bir araya gəlməsi də çox müsbət haldır və təbii ki, bununla bağlı müvafiq sənəd imzalanacaqdır. Bundan başqa demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlərin də müzakirəsi gözlənilir. Belə forumun əsas məqsədi təbii ki, Azərbaycanın dünyada imici deməkdir. Bu forum həm də ölkəmizdə multikultral dəyərlərə verilən qiymətin ən bariz nümunəsidir. Artıq dünyada Multikultralizmin Azərbaycan modeli geniş yayılmaqdadır. IV Qlobal Bakı Forumu Multikultralizmin Azərbaycan modelini dünyaya daşıyacaq"