Ərindən ayrılmış “Qatardakı qız” və “Düşüncə dahiləri”nin ilk kitabı

“Qanun Nəşrlər Evi” daha iki kitabı satışa göndərib.



AzNews.az xəbər verir ki, satışa çıxarılan kitablar Pola Hokinsin "Qatardakı qız" və Ziqmund Freydin "Musa və təkallahlılıq" əsərləridir. Əsərin tərcüməsi Sabir Sadıqova məxsusdur.

"Qatardakı qız" əsəri haqda qısa məlumat



Pola Hokinsin "Qatarda qız" kitabı sirlərlə dolu bir detektivdir, lakin bununla belə, onu psixoloji triller də adlandırmaq olar. Burada personajlar çoxdur və hər birinin də öz sirləri və günahları var.

Əsərin baş qəhrəmanı Reyçelin ağır bir taleyi var. Onun həyatında hər şey uçuruma yuvarlanmış kimidir. O ərindən ayrılıb, işini itirib və içkiyə aludə olub. Hər gün səhərlər özünü içkiylə ovundurur. Onun bir əyləncəsi var – qatarla Londona gedib, orada, sadəcə, gəzişmək. Qonşuları isə düşünür ki, onun işləri qaydasındadır və o, hər gün işə gedir.

Qatarla gedərkən o, yeni evliliklə xoşbəxt olan keçmiş ərinin evini müşahidə edir. Amma qonşu ev də onun diq¬qətini çəkir, Reyçel hesab edir ki, orada ideal bir ailə yaşayır. O, hətta öz qəhrəmanlarına adlar da uydurub – Ceyson və Cess.

Lakin günlərin birində hər şey dəyişilir. Reyçel qatardan görür ki, Cess tanış olmayan bir kişi ilə evin bağçasında öpüşür və ertəsi gün qız yoxa çıxır, bu barədə bütün qəzetlər yazır. Reyçel də həmin ərazidə baş vermiş bir hadisənin şahid olur.


Ziqmund Freydin "Musa və təkallahlılıq" əsəri "QANUN DÜŞÜNCƏ DAHİLƏRİ" yeni seriyasının ilk kitabıdır.



"Musa və təkallahlılıq" kitabı məşhur avstriyalı psixoloq, psixiatr, psixoanalizin banisi Ziqmund Freydin sonuncu əsəridir. Freyd bu əsərində Bibliyada başlıca fiqur kimi tanınan, yəhudi xalqı üçün ilk qanunların və dinin yaradıcısı, onları Misir əsirliyindən qurtarmış böyük öndər sayılan Musanın əslən yəhudi deyil, misirli olmasını çoxsaylı tarixi qaynaqlara əsaslanmaqla və özünün yaratdığı psixoanalitik araşdırmalar metoduna əsasən sübuta yetirməyə çalışır. Freydə xas olan düşüncə genişliyi və dərinliyi, ardıcıl və güclü məntiq, habelə detektivsayağı qurulmuş süjet xətti, üstəlik, bütün bu hadisələrə psixoanalitik təhlillərlə yanaşılması, kitabı oxunaqlı edərək oxucunun yeni biliklər qazanmasına və düşüncəsinin yenilənməsinə xidmət edir.

Əsərin tərcüməsi Araz Gündüzə məxsusdur.