Məmmədağa Dadaşovun 100 illik yubileyi qeyd olundu

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mərhum sənətkar Məmmədağa Dadaşovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Tədbiri giriş sözü ilə teatrın direktoru Mübariz Həmidov açaraq, Məmmədağa Dadaşovun çoxşaxəli yaradıcılığından danışıb: "Bizim missiyamız Məmmədağa Dadaşovun banilərindən biri olduğu, 85 illik qədim və şərəfli tarixə malik Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını gələcək nəsillərə ötürərək, cismən bizdən ayrı olan bu korifey sənətkarı daim qəlblərdə yaşatmaqdır".

Sonra xalq artisti Azər Paşa Nemətov, Yasin Qarayev, Cəfər Namiq Kamal və başqaları sənətkarla bağlı xatirələrindən danışıb. Tədbirdə müğənni Təranə Mahmudova, aktrisa Almaz Mustafayeva, Həcər Ağayeva mahnılar səsləndirib, rəqqas Tahir Eynullayev rəqslər ifa edib.

Qeyd edək ki, tədbir Nicat Kazımovun quruluşunda təqdim olunub.

Bahar Rüstəmli
AzNews.az