İsfəndiyar Rüstəmovun 75 illik yubileyi qeyd olundu

Ustad aşıq İsfəndiyar Rüstəmovun 75 illik yubileyi qeyd olunub. Muğam Mərkəzində reallaşan tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan aşıq sənətinin təbliği və inkişafına dövlətin diqqət və qayğısından danışıb. Nazir bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Məhərrəm Qasımlının apardığı tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, professor Qəzənfər Kazımov, millət vəkili Qənirə Paşayeva, şairlər İlyas Tapdıq, Musa Ələkbərli, Cığatel İsaqızı və başqaları sənətkarın yaradıcılıq yolundan, aşıq sənətinin inkişafı istiqamətində yorulmaz fəaliyyətindən söz açdılar.

Gecədə ustad aşıq İsfəndiyar Rüstəmovun yetirmələri və sənət dostları bənzərsiz ifaları ilə ustada öz təbriklərini çatdırdılar.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən İsfəndiyar Rüstəmov bundan sonra da aşıq sənətinin çiçəklənməsinə və gənc aşıqların yetişməsinə öz layiqli töhfəsini verəcəyini söylədi.

Bahar Rüstəmli
AzNews.az