Oqtay Mirqasımova daha bir mükafat

Tanınmış kinorejissor, ssenarist, xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Onun sözlərinə görə, ittifaqın İdarə heyətinin qərarı ilə xalq artisti, professor O.Mirqasımov Azərbaycan kinosunun inkişafına verdiyi töhfələrə görə 2018-ci ilin “Milli Kino” mükafatına layiq görülüb. Mükafatın məbləği 2000 manatdır.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino” mükafatı yaxın günlərdə xalq artistinə təqdim ediləcək.

Qeyd edək ki, iyunun 12-də kinorejissor, xalq artisti Oqtay Mirqasımovun 75 yaşı tamam olur.