Şahbaz Xuduoğlu neçə oğrunun əlini kəsib...



Əziz Rzazadə

Dünyada oğurlanmış kitablarımız çoxdur. "Dədə Qorqud"dan başlamış üzü yuxarı nə qədər əlyazmamız hazırda yad diyarların kitabxana və şəxsi kolleksiyasındadır. Mən onların satıldığına əsla inanmıram. Həm də oğru oğrudur, oğurladığı kitab olsa belə. Üstəlik, mənim kimi kimin üçünsə kitab elə ən qiymətli əşya, evin bəzəyidir.

Kitab oğrularından danışdıqda əhdinə vəfasız çıxıb əmanəti geri qaytarmayanları da bu siyahıya qatmaq gərəkdir. Çünki bu da oğurluqdur. Etibar oğurluğu.

Kitab həvəskarı başqa bir kitab həvəskarından kitab oğurladı.
Kitab həvəskarının da hər bir kitabında,
O cümlədən oğurlanmış kitabda yazılmışdı:
"Oğurlama!"

Bu, bir rus yazarının sətirləridir. Hələ çox yumşaq deyilmiş. 1072-ci ilə aid bir kilsə əlyazmasında daha sərt sözlər var: "Əgər kimsə bu kitaba sahib olmaq istəsə (hansı səbəblə olursa-olsun), Məhşər Günü cəhənnəmə vasil olsun!"

Mənə bu, yaxın günlərdə oxuduğum bir xəbəri xatırlatdı: Estoniyada bir kitabxanadan 69 il əvvəl götürülmüş kitab geri qaytarılıb. Kitabı qaytaran adam gecikməni müharibə ilə əlaqələndirib. Demə, 2-ci Dünya savaşı zamanı kitabxana bombalanıbmış. Hadisə 1944-cü il martın 7-də qeydə alınıb. Kitabxanadan götürülmüş və geri qaytarılmayan əsər isə eston yazarı Eduard Vildeyə aid olub.

Xəbəri oxuya-oxuya anidən yadıma Pənah Hüseyn düşdü. Bir zamanlar o da Mili Kitabxanadan kitab götürmüş və geri qaytarmamışdı. Maks Veberin əsərini. Pənah Hüseynin üzrlü səbəbi vardı: 93-də bir müddət qaçaq düşmüşdü, sonra həbs. Maks Veberin kitabını isə sonradan kitabxanaya həqiqətən qaytardı.

Köhnə bir deyim var: "kaş oğru kitab oğurlayaydı". Bunu "arxadan vurulan zərbədə" prokuror da qarovulçu Fəttaha (Qurd Cəbrayıl) deyir. Mən heç kitab oğurlamadım. Beynimdən keçsə də. Qaytarmadığım da yoxdur. Amma mənə qaytarmayanlar çoxdur. Bu gün evdə vur-tut üç bədii kitab var. Geri qaytarılmayanları ala bilsəydim indi zəngin kitabxanam olardı. Dostlarım İdris Heydərli və Şahbaz Xuduoğlu kimi. İkisi də möhkəm kitab həvəskarıdırlar. Amma Şahbaz Xuduoğlundan oxumaq üçün kitab götürmək müşkül məsələdir. Cibini kəsəni, yəni cibgiri bəlkə də bağışlayar, ondan icazəsiz kitabını götürənin əlini özü kəsər. İdris Heydərli fərqlidir, uzaq başı soruşacaq: "Nə vaxta oxuyub qaytara bilərsən?"

Dostlarımın kitaba həssaslığına böyük hörmət edirəm. Məncə, belə də olmalıdır. Bu, təkcə kitaba yox, həm də şəxsi mülkiyyətə hörmət aşılamalıdır.

Stiven Blumberq dünyanın ən əcaib oğrusudur – kitab oğrusu. O, oğurladığını dəyər-dəyməzə satmayıb, evini bəzəyib və oğurladığı əsərlərin hamısına macal tapmasa da, bir qismini oxuyub. 20 min kitab və 11 min manuskript. Stiven Blumberqin oğru fəaliyyəti dövründə yığdıqlarının tam hesabı. Həkimlər ona şizofreniya diaqnozu qoyub. Amma bu Stiven Blumberqin heç vecinə deyil. İndi o, həbsxananın zəngin kitabxanasından istifadə etmək imkanı qazanıb. Uzun müddətə.

"Əgər kimsə bu kitaba sahib olmaq istəsə (hansı səbəblə olursa-olsun), Məhşər Günü cəhənnəmə vasil olsun!" Bu kəlmədəki vahiməni duya bilməyən yəqin ki, insan deyil. Mən ölü, siz sağ, oğurladığınızı geri qaytarın, çünki heç vaxt oğurlaya bilməyəcəyiniz bir kitab da var: əməl kitabınız. Məhşər Günü oğurluğunuza o, həm də dəlil, həm də şahid duracaq.