Ziyalılar Xəyyam Mirzəzadədən danışdılar: “Xəstəliyi haqda bir kəlmə də söz açmadı”

Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə dünyasını dəyişib. Ölkənin tanınmış ziyalıları X.Mirzəzadənin vəfatını Azərbaycan musiqi sənətinin böyük itkisi kimi qiymətləndirib.

AzNews.az onların bəzilərinin Xəyyam Mirzəzadə ilə bağlı xatirələrini təqdim edir:

Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa: “Böyük bəstəkar Xəyyam Mirzəzadə əbədiyyətə qovuşub. Çoxdan tanış idik. O, hətta, biz görüşəndə mənə ehtiramla “dostum” deyərdi. Maestro mənim bir çox pyeslərimin musiqisini yazmışdı. Xatırlayıram ki, əksər tamaşaların premyaralarına ailəlikcə gəlməyi xoşlayardı.

Olduqca zarafatçıl, nikbin, hazırcavab bir adamdı. Təxminən bir il öncə “Yazıçılar poliklinikasında” rastlaşdıq. Onun mənzili, səhv etmirəmsə, elə həmin poliklinikanın üst qatında idi. Evə dəvət elədi. Təşəkkür etdim. Əlində əsa vardı. Zarafatla dedim: Maestro, əlindəki bu əsa nədir? Zarafata zarafatla cavab verdi: “Bu mənim əsam deyil ki...” Qonşu üçün almışam. Gülüşdük. Foyedəki divanda əyləşib bir xeyli söhbətləşdik. Xəstəliyi haqda bir kəlmə də söz açmadı. Mənim yeni yazılarımla maraqlandı. Dedi ki, gəl müştərək bir şey yazaq, məsələn, muzikl, operetta tipli bir şey...”

Xalq şairi Sabir Rüstəmxanlı: “Görkəmli bəstəkarımız Xəyyam Mirzəzadənin vəfatı Azərbaycan mədəniyyətinin böyük itkisidir. Peşəkar musiqi sənətimizdə təkrarsız yeri olan Xəyyam bəylə əməkdaşlığımız zamanı onu daha yaxından tanımış və sevmişdim. Gözəl insan, əsl sənət fədaisi idi. Köklü ziyalı ailəsində doğulmuşdu. Atası, hörmətli professor Hadı Mirzəzadə mənim universitet müəllimim olmuşdu. Onun gözəl sənəti daim yaşayacaq və öz yaradıcısını da yaşayacaqdır. Yaxınlarına Allahdan səbr diləyirəm”.

Şair Vahid Əziz: “Xəyyam Mirzəzadə çox səmimi insan və böyük bəstəkar, ciddi və zarafatcıl bir şəxsiyyət idi. Ağır itkidir, Allah səbr versin”.

Bahar RÜSTƏMLİ
AzNews.az