- Köhnə - Mədəniyyət
- 2 İyul 2013 18:22
- 4 192
Kinomuzdakı polis: O, niyə gülüş hədəfidir?
Ötən ay isə Azərbaycanda polislə bağlı maraqlı hadisə baş verdi. Vətəndaş baxdığı filmdə polisin təhqir olunduğunu düşünüb Daxili İşlər nazirinin saytına şikayət yazdı və bu şikayət əsasında Yasamal rayon 29-cu Polis Bölməsində araşdırma başlandı. Sohbət İmir Məmmədovun ssenari müəllifi olduğu "Fosfor adam" filimindən gedir.
AzNews.az hadisənin təfərrüatlarını ən kiçik ayrıntılarına qədər öz oxucularına təqdim etdi. Lakin bu hadisə düşüncələrimizdə başqa bir suala da yol açdı: Kinolarimizdakı polis kimdir?
Kinoda yaradılan obraza görə ssenari müəllifini və ya rejissoru polisə, məhkəmıyə vermək olarmı?..
Beləliklə, kino mütəxəssisləri ilə birlikdə "polis günü" ərəfəsində polisin kinomuzdakı simasına baxıb reallıqdakı imicinə və nüfuzuna qiymət verməyə çalışdıq.
Aşıq gördüyünü çağırar
Mütəxəssislər hesab edir ki, ümumiyyətlə, kinoda polis gülüş hədəfidir. Lakin istər dünya, istərsə də, Azərbaycan kinosunda müsbət polis obrazları da kifayət qədərdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov hesab edir ki, obraz həqiqəti əks etdirirsə, təhqir sayıla bilməz: "Şəhid, qəhrəman polislərlə yanaşı qanunu pozanlar, insanlığa düşmən olanlar da var. Tutaq ki, Hacı Məmmədovdan film çəkilsə, bu filmi necə polisə təhqir hesab edə bilərsiniz? Odur ki, filmdə əsas meyar - həqiqət olmalıdı. "Bir cənub şəhəri" filmində 1 manat borc alan, həyat yoldaşının skandallarından bezən sahə müvəkki obrazı vardı. O vaxt qadağa qoymaq istəyirdilər. Amma film indi də maraqla baxılır. Vaqif Mustafayevin "Yaramaz" filmində bekarçılıqdan darıxan, bölmədə tütək çalan serjant obrazı var. Bu təhqir deyil. Obraz həyat həqiqətinə əsaslanıbsa, təhqir ola bilməz.Youtobe-da Yevlax yolunda sürücünü saxlayan DYP əməkdaşınının məşhur roliki var. Film deyil, sənədlidir. Mənə desinlər görüm, bu təhqirdir, yoxsa həqiqət? İmir Məmmədlinin də ssenarisində heç bir təhqir yoxdu. Hətta son dövrdə çəkilən ən istedadlı filmlərimizdən birirdir".
Tanınmış rejissor müsbət polis obrazı yaradılan və son dərəcə inandırıcı alınan filmlərdən də danışdı: "Elxan Cəfərovun "Tərsinə çevrilmiş dünya" filmi inandırıcı alınıb. Dünya kinosunda da Lui de Funesin məşhur polis obrazı kimi, tanınan ciddi polis obrazları da var. Polislər haqqında çəkilən filmlər arasında komediyanın üstünlük təşkil etdiyini söyləmək düz olmaz. Bu mövzuda dramlar daha çoxdur. Çünki kinosu güclü olan ölkələr hüquqi dövlətlər olduğundan, orada polisin qanunu pozmasına az rast gəlinir. Ona görə kinoları da ciddi və müsbət obrazlara əsaslanır. Necə deyərlər, aşıq gördüyünü çağırar".
Filmdəki obrazın xoşuna gəlmirsə... özünə bax
Kinoşünas Aygün Aslanlı hesab edir ki, polis kinoda gülüş hədəfi də ola bilər, qəhrəman da: "Ssenari müəllifi və rejissor necə görürsə, elə təsvir edir. Məsələn, Çaplinin iştirakı ilə çəkilən vəziyyət komediyasında ətrafda hər şey qəhramanı açmağa xidmət edir. Orada komik polis də var. "Fosfor adam" filmində isə komik olan polis yox, hadisədir. Müasir polislərlə müqayisə etsək, filmdəki obraz kifayət qədər vicdanlı kənd polisidir.
Filmdə hər şey, o cümlədən polis də situasiyanın gülünclüyünü üzə çıxarmağa xidmət edir. "Yuxu", "Bəxt üzüyü", "Ölüm növbəsi" filmlərində də polis obrazları müasir polisi əks etdirir. Sovet dövrünün filmlərində polis müsbət obrazdır. Ədalətli polis dövrün tələbi ilə bağlı olaraq yaradılıb. Milis qanun keşikçisi idi. İndiki polisin isə üzü dəyişib. Polisin siması dəyişəndə ssenari və filmlərdəki obrazı da dəyişir. Rejissor gördüyünü çəkirsə, onu "niyə bizi təhqir edirsən", - deyib suçlamaq, ona irad tutmaq yox, polis dönüb özünə baxmalıdır".
Ruhiyyə
AzNews.az