Bakıda Tahir Salahovun fərdi sərgisi açılıb


Heydər Əliyev Mərkəzində xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, sərgi münasibətilə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Tahir Salahov bildirib ki, sərgidə müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş olunur: "Mən çox şadam ki, 85 illik yubileyim ərəfəsində təşkil olunan və ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan bu sərgi məhz Heydər Əliyev Mərkəzində keçirildi. Bu sərgidə mənim son illərdə çəkdiyim əsərlərim də nümayiş olunur. Mənim sərgilərim dünyanın müxtəlif ölkələrində keçirilib. Amma bu mərkəzdə keçirilən sərginin həyatımda xüsusi önəmi var. Özümü bu doğma yerdə çox rahat hiss edirəm. Mənim rəsm əsərlərimi sevənlər buyurub bura təşrif gətirə bilərlər".

Sərgidə Heydər Əliyevin, Qara Qarayevin, Dmitri Şostakoviçin, Mstislav Rostrapoviçin portretləri, "Sənə bəşəriyyət", "Aydan", "Neftçinin portreti", "Xəzər bu gün" və s. əsərləri nümayiş olunur. Sərgidə T. Salahovun ilk dəfə məhz Heydər Əliyev sarayında nümayiş olunan əsərləri də var.

Qeyd edək ki, sərgi Tahir Salahovun 85 illik yubileyi münasibətilə təşkil edilib və Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Sərgi noyabrın 6-dək davam edəcək.

AzNews.az