“Kino bayramı qaraya boyanıb” “Kino bayramı qaraya boyanıb”

Elmira Şabanova: “Sənət dünyasında böyük biabırçılıqlar baş verir”

“Kino bayramı qaraya boyanıb”

Xalq artisti Elmira Şabanovanın "AzNews.az"-a müsahibəsi:

- Avqustun 2-si milli kino günüdür. Bu peşə bayramınızdan nə gözləyirsiniz?

- Heç nə.

- Niyə, belə düşünməyinizə səbəb nədir?

- Son günlər kino sənət dünyasında baş verən biabirçılıq. Vaxt vardı ki, milli kino günü Heydər Əliyev Sarayında keçirilirdi. Bizə bunu da çox gördülər. Artıq nə kino var, nə də onun işçilərinin bayramı. Kino bayramı qaraya boyanıb. Biz- bu sahənin adamları isə ona yas tuturuq. Kino sadəcə quru-quru sözə çevrilib. Düzdür, vaxtiylə bayram əhval-ruhiyyəsi vardı. Amma real həyat deyir ki, o yoxdur, alınmır. Bir vaxtlar vardı ki, kino günləri çox maraqlı idi. Hamı, bütün kino işçiləri bir arada olurdu. Ən azı ilin bir günü diqqət mərkəzində olurduq.

- Deyilənə görə, Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ yaratdığı qurum bu bayrama xüsusi hazırlaşıb. Sizə də dəvət gəlib?

- Hə. Kino günü ilə bağlı keçiriləcək bayram tədbirini təşkil edənlərdən mənə də dəvət gəlib. Gedəcəyəm, ən azı ona görə ki, görüm orada nələr danışılacaq, nələr olacaq. Sözün düzü, biz həmişə belə bayramlara öyrəncəli idik. Festivallar keçirilirdi, hər şey maraq döğururdu. Amma indi hamı, bütün kino adamları bir sual qarşısında aciz qalıb: görəsən, bu bayramda hansı sürprüzlərlə qarşılaşacayıq?

- Yəni, "od olmayan yerdən tüstü çıxmaz"...

- Od odur ki, kino sahəsi göz qarşısındadır. Hamı da onun düşdüyü uçurumu və onun dərinliyini görür. Amma nədənsə heç kəs bu uçuruma baxmaq istəmir. Yəni, "kinonu necə dirçətmək olar?"- deyə bir düşünən yoxdur. Kino çəkirlər, onlarsa heç kəsin marağına səbəb olmur. Neyləyək ki, korifeylər, sənətkarlar yoxdur. Cavanlar çəkir, amma onlar da bizi irəli aparmır. Hələ ki, kino sənət dünyasında böyük qələbə yoxdur. Görək də nələr olacaq. İndi hamı düşüb teleserialların arxasınca.

- Hazırda hansı ittifaqın üzvüsünüz?

- Hələ ki, Rüstəm İbrahimbəyovun yaratdığı qurumdayam. Amma müstəqiləm.

- Yuxarıdan qarşınıza Şəfiqə Məmmədovanın yaratdığı birliyinə üzv olmaq tələbi qoyulsa, razılaşarsınızmı?

- Yox. Heç vaxt. O birliyə keçmərəm.

- Niyə? Axı deyirlər, təzə birliyə üzv olanları yaxşı yaşayış tərzi gözləyir?


- Birincisi, mən heç bir vaxt dostları başqasına dəyişmirəm. Mən inandığım adamı heç vaxt atmaram. Düzdür, indi zəmanə hamını dəyişib. Amma daha Rüstəmi hamı ilə müqayisə etmək də düzgün deyil. Məsələn, Rüstəm hamıya, ətrafında olan insanlara o qədər yaxşılıq edib ki, onu dillə demək mümkün deyil. Əsas da "SOYUZ"dan, yəni Kinomotoqrafçılar birliyindən qaçanları deyirəm. Əslinə qalsa, Rüstəmin mənə köməkliyi dəyməyib. Bunu özü də bilir, amma onun əlindən tutduğu adamlar, onu dar gündə qoyub qaçdılar. Çox ağır bir şeydir.

- Cəmiyyətin bu məsələlərə reaksiyası sizi qane edirmi?

- Bilirsiz, pisi budur ki, bu gün sənət barəsində danışan yoxdur, çəmiyyəti qalmaqal maraqlandırır. Görün nə qədər maliyyə xərcləyib xaricdən rejissorlar gətizdirirlər, amma nə olsun? Nəticə nədir? Nəticə yoxdur, heç nə edə bilmirlər. Azərbaycanı bu sahədə irəli aparmaq üçün hələ 100 il lazımdır.

- KAN festivalına baxırsınız?

- Bəli. İstər KAN, istərsə də OSKAR festivalları əvvəlki axarını itirib. Mən gördüyüm səviyyəyə çatmayıb. Çoxunda olmuşam. Festivallar ölkəyə çox şey verə bilər. Amma festivallar da hər şey kimi cılızlaşıb. Deyirlər ki, insan qocalanda heç nəyi bəyənmir. Amma mən əminəm ki, biz də belə festivallar keçirə bilərik. Əsas odur ki, kino sahəsini kim idarə edəcək? Bu elə bil insan olmalıdır ki, kinonun içində olsun, sənəti bilsin. Bayramları Bakıya qaytarsın.

- Kimdir o insan?

- Var. Amma faciə bundadır ki, kim varsa, hamısı bir-birinə düşmən kəsilib. Hamı küsülüdür, hərəsi bir tərəfə çəkilib, özünəxidmətlə məşğuldur. Yalnız birlik bizi ayağa qaldıra bilər. Qocaları bir ucdan pensiyaya göndərirlər, vəzifəsindən bayıra atırlar. Rüstəm-Vaqif-Eldar birliyi yaransa, bəlkə də irəli getmək olar. Yaşlıları gənclərlə dəyişdirirlər. Gənclər hələ öyrənməlidir. Bunlar məsləhət etmədən kino sahəsini necə qaldıra bilərlər? Biz xarici festivallara filmlər göndəririk. Gəlin görək, o səviyyə varmı? Yoxdur. Çünki keçmişi unudanın gələcəyi olmaz.

Lalə

AzNews.az