Turan Cavidin yubiley gecəsi keçiriləcək

Turan Cavidin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

AzNews.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 23-də, saat 14:00-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında Turan Cavid Qadın Mərkəzi İctimai Birliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın böyük romantik şairi, görkəmli dramaturq Hüseyn Cavidin yadigarı, tanınmış ictimai xadim Turan Cavidin anadan olmasının 90 illiyinə həsr olunmuş "Turan xatirələrdə" adlı yubiley gecəsi keçiriləcək.

Gecədə T.Cavidin yaxınları, onunla birlikdə çalışmış insanlar, teatr xadimləri, muzey əməkdaşları, mətbuat, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, T.Cavid 1953-cü ildən Teatr Muzeyində çalışıb, 1968-ci ildən 1990-cı ilə qədər bu müəssisənin direktoru olub. Sonralar o, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə açılan Hüseyn Cavidin Ev Muzeyinin direktoru olub, ömrünün sonuna qədər həmin muzeyə rəhbərlik edib.

T.Cavidin fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, o, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb, "Əmək rəşadətinə görə" medalı və Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilib.

T.Cavid 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat edib.

Bahar
AzNews.az