- Köhnə - Mədəniyyət
- 19 Noyabr 2013 20:32
- 11 175
Gülarə Əliyevanın xatirə gecəsi keçirilib - FOTO
Anım mərasimində çıxış edən millət vəkili Rafael Hüseynov G. Əliyeva haqqında fikirlərini bildirib, xatirələrini danışıb: "Gülarə Əliyeva xoşbəxt sənətkar idi. Biz onun haqqında təkcə böyük sənətkar kimi yox, həm də Azərbaycan musiqi mədəniyyətinin hadisəsi kimi danışmalıyıq. "Dan ulduzu" ansamblı onun üçün kiçik dünya idi və o, bu dünyada özünü xoşbəxt hiss edirdi".
Tədbirdə çıxış edən bəstəkar Ramiz Mirişli bildirib ki, G. Əliyeva fitri istedada malik sənətkar olub: "Azərbaycanın gənc musiqiçilərinin yetişməsində "Dan ulduzu" ansamblının böyük rolu olub. Gülarə xanım fitri istedada malik gözəl sənətkar idi. Üzlərinə baxmadan deyə bilərdi ki, pianoda ifa edən kimdir. Bu cür musiqini duymaq, hiss etmək hər adama nəsib olmur".
Xatirə gecəsində "Dan ulduzu" ansamblının müşayiəti ilə Almaz Orucova, Şəhla Həmidova, Rövşən Əziz və başqaları müxtəlif musiqi əsərləri ifa ediblər.
Qeyd edək ki, Gülarə Əliyeva 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında işləyib. 1966-ci ildə "Dan ulduzu" instrumental ansamblını yaradıb. 1966-1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi Nəzəriyyəsi kafedrasının müdiri olub.
AzNews.az