Nəsibə Zeynalovanın ürəyini fəth etmiş gənc musiqiçi kim idi? - ARAŞDIRMA

Yəqin ki, Nəsibə Zeynalova deyəndə hər birinizin düşüncəsində gülərüz, şaqraq gülüşlü bir xanım obrazı canlanır.

Amma xanımın həyatının mətbuata, oxucuya, tamaşaçıya məlum olmayan məqamlarını araşdırdıqca görürsən ki, hər şey heç də göründüyü qədər asan olmayıb bu əfsanəvi aktrisa üçün.

1916-cı ilin 20 aprel tarixində Bakıda anadan olan aktrisa 40 ildən artıq Musiqili Komediya Teatrının əsas sütunlarından hesab olunub.

Nəsibə xanım ailənin yeganə övladı olub. Atası Cahangir kişi tacir olmaqla yanaşı, həm də dövrünün sayılıb-seçilən aktyorlarından idi. O dövrün reallıqlarını nəzərə alanda qəribə də görünsə, Cahangir kişi qızını öz sənətinin davamçısı kimi görmək istəyirmiş. Ancaq 1918-ci ildə ermənilərin törətdiyi mart qırğınları zamanı ailəsi ilə İrana gedən C.Zeynalov 6 aydan sonra Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulub və bir müddət sonra dünyasını dəyişib. Nəsibə xanımın anasının ikinci evliliyindən isə bir bacısı, bir qardaşı olub.

14 yaşından etibarən anasına kömək etmək üçün işləmək məcburiyyətində qalan yeniyetmə Nəsibə işıq idarəsində usta köməkçisi, tramvay parkında qeydiyyatçı işləyib. Ardınca mühasiblik kurslarını bitirən gələcəyin əfsanəsi Bakı kanalizasiya idarəsində hesabdar olaraq çalışıb. Bütün bunlar onun oğluna söylədiklərindəndir. Atası dünyasını dəyişəndə balaca Nəsibənin cəmi iki yaşı, atasının isə 65 var idi. Hələ orta məktəb illərindən rəqslə məşğul olan qızcığaz 16 yaşında Rza Təhmasibin dram dərnəyinə üzv olur və Kolxoz və Sovxoz Teatrında da aktrisa kimi işləməyə başlayır. Teatr yaz aylarından payıza qədər rayonlara gedib tamaşalar oynayırdı.

Bir il bu teatrda çalışan aktrisa 1938-ci ildə yenicə yaranmış Musiqili Komediya Teatrına işə düzəlir. Eyni zamanda Bakı Teatr Məktəbinə daxil olaraq, aktyorluq təhsili alır. Görkəmli aktyor Ağasadıq Gəraybəyli, Akademik Milli dram teatrının baş rejissoru Aleksandr Tuqanov kimi ustadlardan dərs alan gənc Nəsibə tələbə ikən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) kimi rolların öhdəsindən gəlməyi bacarır.
Nəsibə xanımın ilk evliliyi onun erkən yaşlarına təsadüf edir. Deyilənə görə, aktrisanı sevmədiyi, hətta zəhləsi getdiyi birinə ərə verirlər. Həyat yoldaşı Böyük Vətən Müharibəsində həlak olan aktrisa sevmədiyi insan olsa belə, uzun müddət heç kimlə nəinki ailə qurmur, ümumiyyətlə olunan təklifləri birbaşa rədd edir. Nəhayət, 1952-ci ildə aktrisa edilən təkliflərdən biri haqda düşünməyə başlayır. Bu şəxs ondan 11 yaş kiçik kamança ifaçısı Mütəllim Novruzov idi. Maraqlıdır ki, aktrisa ilk vaxtlar bu insandan heç xoşlanmazmış.

Nəhayət səfərlərin birində aktrisa onu sevən bu gənc oğlana "hə" deyir. Onların bu evlilikdən 1954-cü ildə ilk və yeganə övladları dünyaya gəlir və uşağa Nəsibə xanımın atasının adını qoyurlar. Aktrisanın yeganə övladı olan Cahangir Novruzov Azərbaycanın xalq artistidir, on ilə yaxındır ki, Türkiyədə pedaqoji fəaliyyətlə məşğuldur. Əməkdar artist, Nəsibə Zeynalovanın çox istədiyi aktyorlardan olan Novruz Qartal deyir ki, o, gənc həmkarlarına xoş münasibəti ilə seçilirmiş:
"Bəlkə də Azərbaycan teatrı tarixində özündən sonrakılara bu qədər diqqət və qayğıyla yanaşan ikinci bir adam yoxdur. Gənclərə həddən ziyadə həssaslıqla yanaşırdı. Komediya aktrisası olsa da, yetərincə ciddi xarakterə sahib idi. Bir kişi ona yaxın dura bilməzdi. Bu xasiyyətinə görə, ona aktyorlar arasında "erkək Nəsibə" deyirdilər".



Ancaq insanın nə qədər üstün xarakterə sahib olması o demək deyil ki, hər kəs səndən razı qalacaq. Əməkdar artist Kübra Əliyeva bir müddət öncə müsahibələrinin birində bildirir ki, Nəsibə xanım onun sənət yolunu kəsənlərdən biri olub. Belə desək, xalq artisti ona badalaq vurub. Hətta aktrisa indi də Nəsibə xanımı bağışlamadığını bildirib. Ancaq Novruz Qartalın bu barədə dediklərini eşidincə:

"Əgər məni sayırsansa, sayıram, saymırsan saymıram. O neçə rolunu Kübraya verdi ki, sən oyna. Kübradı da. Onun dedikləri boş-boş şeylərdir. Sən kimsən ki onu bağışlamayasan? Sadəcə Nəsibə xanım dünyasını dəyişəndən sonra ağızlarına gələni danışırlar. Ona ən çox yaxşılığı Nəsibə xanım edib. Yadımdadır ki, "Həyatım mənim, həyatım mənim" tamaşasındakı Məhəmmədəlinin arvadı rolundan imtina elədi, dedi ki, "Kübra mən oynamıram, sən bu rolu oyna".

Nəsibə xanım kişi xasiyyətinə görə o dövrün rəhbər işçiləri arasında da böyük nüfuza sahib olub. Bəzən isə bu nüfuzundan istifadə edərək, yeni ailə quran gənc həmkarlarına mənzil də alıb. Deyilənə görə o vaxt teatr xadimi Nüsrət Fətullayevə Hökumət Evinin arxasında ikiotaqlı mənzil veriblərmiş, Hacıbaba Bağırov isə evsiz imiş. Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin o vaktkı sədri Aydın Məmmədovun yanına gedib, xahiş etməsindən sonra aktyora birotaqlı mənzil verilir və o bu evdə həyat yoldaşı Almaz xanımla yaşayır. Aktrisanın sənətdəki ən yaxın dostları sırasında da Lütfəli Abdullayev, Hacıbaba Bağırov kimi sənətkarların adı çəkilir. Amma maraqlıdır ki, Nəsibə xanım "Hicran" tamaşasının oynayarkən dostu Hacıbaba ilə küsülü imiş. Ümumiyyətlə, tamaşa zamanı bu "Böyük üçlük"ün küsülü olduğunu deyənlər də var. Novruz Qartalın dediklərindən:

"Bir də görürdün yaxşı yemək bişirirdi, təlim-tərbiyəsinə bələd olduğu aktyorları da dəvət edirdi. Çox gözəl əl qabiliyyəti olub. Maştağada bağı var idi. Bir dəfə çiban çıxartmışdım. Apardı bağa, əməlli-başlı qulluq elədi yoldaşı Mütəllim rəhmətliklə. Uzanmışam, siqaret çəkirəm. Birdən çiban partlayar, necə rahatlaşıb yuxuya gedərəmsə... Bir də xəbər tutublar ki, az qala ev yanır. Yoldaşı da çox yaxşı insan idi. Bir-birlərini çox istəyirdilər. Baxmayaraq ki, 11 yaş fərqləri var idi".

Son illərdə dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələnən aktrisa 2004-cü ilin əvvəlində, ömrünün son günlərində xəstəxanada yatarkən şahid olduğu bir hadisə onu bərk sarsıdır.

Deməli, onunla eyni vaxtda xalq artisti Məleykə Əsədovanın anası da müalicə olunurmuş. Deyilənə görə, tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın anasının yanına gün ərzində aktrisanın pərəstişkarları, qohumları və onlarla digər insanlar gül-çiçəklə gəldiyi halda, N.Zeynalovanı tək-tük insanlar ziyarət edirmiş. Əfsanəvi aktrisa təsadüfən bundan xəbər tutur və çox məyus olaraq bu sözləri deyir:

"Hayıf mənim əziyyətimə. Aktrisanın anasının yanı doludur, mənim yanıma gələn yoxdur".

Azərbaycana kino və teatr sənətinin rəmzlərindən sayılan Nəsibə Zeynalova 2004-cü ilin mart ayının 10-da 88 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edir.

Allah rəhmət eləsin!



İntiqam Valehoğlu
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description