- Yazarlar
- 8 Avqust 20:00
- 3 317
Gələcəkdə Zəngəzur dəhlizinə özümüz nəzarət edəcəyik

Rusiya və İranı vurub Cənubi Qafqazdan çıxardılar. ABŞ, Böyük Britaniya, İsrail və Türkiyə bu prosesdən uduşla çıxdı. Azərbaycan və Ermənistan da udanlar arasındadır. Tezliklə Azərbaycan və Türkiyə ilə Türkistan arasında quru yolu açılmış olacaq.
Bir daha deyirəm, Zəngəzur dəhlizi həyati əhəmiyyət daşıyır. Ancaq Azərbaycan Gürüstandan keçən və İrandan keçəcək yola da xüsusi önəm verməlidir. Yəni Azərbaycan hər 3 marşrutdan istifadə etməlidir. Bu və ya digər səbəbdən hər hansı bir marşrut bağlansa, digərdindən istifadə etmək mümkün olsun.
Bu müqavilə ilə Azərbaycan Ermənistan və Qərbdən nə ala bilərdisə, hamısını aldı. Özü də artıqlaması ilə. O da etiraf olunmalıdır ki, prosesin son dərəcə uğurlu sonluqla yekunlaşmasında İlham Əliyevin xüsusi rolu var. Ermənistanla münasibətdə cənab prezident mükəmməl siyasət yeritdi. Ən radikal şəkildə Azərbaycanın maraqlarından çıxış etdi...
Bəzi dostlarımız yazır ki, Zəngəzur dəhlizinə ABŞ-ın nəzarət etməsi pisdir. Düşünürəm ki, Azərbaycan və Türkiyə bu dəhlizə nəzarət etsəydi, daha yaxşı olardı. Ancaq indilik buna gücümüz çatmadı. Ancaq son nəticə bizim üçün kifayət qədər məqbuldur...
Amerika Zəngəzur dəhlizinə 100 il nəzarət edə biləcəkmi? İnanmıram. Ancaq ən önəmlisi odur ki, Zəngəzur faktiki dəhliz statusunda açılır. Gələcəkdə ABŞ Cənubi Qafqazdan gedəsi olsa belə Zəngəzur yolu yenə dəhliz statusunu qoruyub saxlayacaq. Ən önəmlisi məhz budur. Gələcəkdə bacarsaq Zəngəzur dəhlizinə özümüz nəzarət edəcəyik. Hələki Sem dayı ilə bu yolu birgə getməliyik.
Mən Vaşinqton anlaşmasını öz payıma alqışlayıram. Ümid edirəm ki, bundan sonra Zəngəzur dəhlizi ilə bağlı görüləsi işlər ciddi şəkildə sürətlənəcək.
Elbəyi HƏSƏNLİ