“Efir verin, bütün problemləri həll edim”

TAHİR ƏSGƏROV

Müasir şəraitdə dövlətlərin inkişafı əsasən texniki sahənin inkişafı ilə bağlıdır. Bu sahənin isə elmi, tədrisi, yazılan proqramları, dərslik və dərs vəsaitlərində elə ciddi nöqsanlar var ki, onların bir qismi hətta çox inkişaf etmiş dövlətlərdə də mövcuddur. Bu nöqsan və səhvlərin nədən ibarət olub, necə yaranması və həmçinin başqa sahələrə təsirini izah edib isbata yetirmək mümkündür. Texnikanın ayrı-ayrı sahələri üzrə bir çox yeniliklərim var. Hətta onların bəzilərinin dövlətin inkişafı, iqtisadiyyatı və müdafiəsi üçün çox böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq onları reallaşdırmaq mümkün olmayıb. Görəcəyim iş və verəcəyim təkliflərin hamısı beynəlxalq miqyaslı yenilikdən ibarətdir və mən bunlar barədə birinci dəfə məlumat vermək istəyirəm. Baxmayaraq bu nöqsanların bir qismi barədə çapdan çıxmış elmi əsərlərimdə, metodik və dərs vəsaitlərimdə qeydlər var, amma təəssüf ki, onları oxuyan yoxdur. İnsan eşitdikləri və oxuduqlarından daha çox gördüklərinə inanır. Bəzi mütəxəssislərin gördüyü iş nəticəsində Azərbaycan dövlətinin inkişafına nə kimi ziyan dəyə biləcəyini sadə misallarla izah edib sübuta yetirmək olar. Bunu isə geniş tamaşaçı kütləsi qarşısında etmək daha məqbuldur. Həmçinin burada elə çertyojlar var ki, onları nümayiş etdirərək təhlilini verməklə effekt əldə edilə bilər. Bunun üçün belə bir şəraitin yaradılması çox vacibdir. Mütəxəssislər öz işlərini dəqiq və mükəmməl yerinə yetirmələri üçün bu sahənin mahiyyətini dərk etməlidirlər. Yəni bilməlidirlər ki, bir çox sahələrdə aparılan işlərin müsbət nəticəsi texniki sahədə görülən işlərdən asılıdır. Bu sahə özü də çox mürəkkəb olduğundan texniki sahənin özündə aparılan işlər onun ayrı-ayrı bölmələrində görülən işlərdən asılı olaraq yerinə yetirilir. Bu bölmələrin də hər birinin özünəməxsus konstruktiv və texnoloji həlli var. Amma çox təəssüflər olsun ki, mütəxəssislər texniki sahənin hərtərəfli tələblərini dərk edib, təhlilini apara bilmədikləri üçün bu sahə üzrə görülən işlərdə çox ciddi nöqsanlar var. Nəzərə almaq lazımdır ki, belə çatışmazlıqların qarşısı alınmasa, sonradan dövlət üçün daha ciddi problemlər yaradar. Əgər mənə şərait yaradılsa, bu nöqsanları və onun həlli yolları barədə təfsilatı ilə məlumat verərəm.