Arif Babayev: “Bir uçuq daxmamız belə yox idi”

26 avqust-Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək-Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür. Xalq artisti, professor Arif Babayev AzNews.az-a açıqlamasında bu günün böyük bayram olduğunu bildirdi: "Muğam günü böyük bir bayramdır. Bir vaxt vardı ki, muğamın nəinki bayramı, adı da itib-batmışdı.

Azərbaycan muğamının adı ilə bağlı bir uçuq daxmamız belə yox idi. Muğam ifaçılarını tədbirlərə buraxmırdılar. Amma bu gün millət vəkili Mehriban xanımın xidmətləri sayəsində bayramımız da keçirilir, yubileyimiz də, hələ üstəlik bu sənətdə xidmətləri olan sənətkarlara qranitdən büstlər də qoyulur. Azərbaycan muğamının sədası bütün dünyaya yayıldı.

Muğam müsabiqələri, beynəlxalq festivallar keçirildi. Əlbəttə ki, biz xanəndələr də bu sənətdə əlimizdən gələni əsirgəməməliyik. Tələbələr yetişdirib, cəmiyyətə, gələn nəslə təqdim edirik. Nə qədər ki, bu sənətdəyik əlimizdə qaval, dilimizdə isə muğamlarımız olacaq. Mən uşaqlarımı muğamın çörəyi ilə böyütmüşəm. Harada muğam varsa, orada Arif Babayev adı və nəfəsi var".

Qeyd edək ki, muğam günü ilə əlaqədar ölkəmizdə və ondan kənarda tədbirlər silsiləsi keçiriləcək.

Lalə
AzNews.az