“Bu gün şou-biznesdə olan aşıqların heç birisi tarixdə qalmayacaq” “Bu gün şou-biznesdə olan aşıqların heç birisi tarixdə qalmayacaq”

Aşıq Vüqar Mahmudoğlu: “Əli də “üçillik“ populyarlığı əbədi sənətlə dəyişik salır”

“Bu gün şou-biznesdə olan aşıqların heç birisi tarixdə qalmayacaq”



"Aşıq Əli saytınıza verdiyi müsahibədə ciddi yanlışlıqlara yol verib, çox səhvlər buraxıb. Gərək bu cür ciddi məsələlər barədə danışmaq üçün hələ yaşının çatmadığını Əli başa düşsün. Amma, deyəsən, yaşından bir az qabağa gedib, böyük günah işlədib. O, müsahibəsində Azərbaycan aşıq məktəbinin qocaman sənətkarlarını təhqir edib, bildirib ki, aşıqlarımız savadsızdır, not bilmirlər. Mən təkcə ona deyil, bütün aşıqların nəzərinə çatdırıram ki, yaşı-başından çıxmayanların heç biri aşığı təhqir edə bilməz. Əgər siz bu sənəti dərinliyi ilə bilmirsinizsə, heç olmasa, müsahibə vermək xatirinə danışmayın, başqalarını da öz vəziyyətinizdə qələmə verməyin. Belə danışmaqla özünüzün bir daha savadsız olduğunuzu nümayiş etdirirsiniz".

Bunu AzNews.az-a açıqlamasında Aşıq Vüqar Mahmudoğlu dedi. Onun sözlərinə görə, özünü gündəmdə hesab edən Aşıq Əli şou-bizneslə sənəti dəyişik salıb: "Əli yaxşı oğlandır, gözəl də səsi var. Amma aşıq sənəti şou-biznes deyil, Azərbaycan musiqisinin köküdür. Bu gün gündəmdə olan aşıqların böyük əksəriyyəti notu da bilir, kifayət qədər yüksək musiqi təhsilləri də var. Məsələn, Aşıq Zülfiyyə, Aşıq Fəzail, Aşıq Altay, Aşıq Samirə, Mübariz müəllim və s. Hələ mən özümü demirəm - əvvəlcə orta ixtisas musiqi məktəbini, daha sonra isə İncəsənət Universitetini bitirmişəm və mənim notu da, aşıq havalarını da hansı səviyyədə mənimsədiyimi Aşıq Əli çox gözəl bilir. Bunu bilə-bilə "aşıqların heç biri notu bilmir" demək yaraşmaz, xüsusilə, aşıq sənətinin daşıyıcısı olan bir şəxsə qəti yaraşmaz. Aşıq - həm də özündə sözübütövlük, doğruluq, əxlaq təcəssüm etdirən bir ziyalı anlamına gəlir və bu anlayışı qorumaq hər bir aşığın borcudur.

Bunlar bilməlidirlər ki, sənətlə gündəm tamam başqa-başqa şeylərdir. Aşıq Şakir, Aşıq Məmmədağa, Aşıq Pənah, Aşıq Bəylərin adı gələndə indi də hamı ehtiramla ayağa qalxır. Bu insanlar sənət tarixində öz adlarını yazan insanlardır. Amma bu gün şou-biznesdə olan aşıqların heç birisi tarixdə qalmayacaq. Əli də "üçillik" populyarlığı əbədi sənətlə dəyişik salır. Ümid edirəm ki, Əli səhvini düzəldəcək - onun yaşı imkan verməsə də, mədəniyyəti səhvindən nəticə çıxarmaqda ona yardımçı ola bilər".

Lalə
AzNews.az