Bakıda müsabiqə keçiriləcək

"Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi "İslam Dünyası (İndoneziya, Küveyt, Misir Ərəb Respublikası, Mərakeş, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Başqırdıstan (Rusiya), Azərbaycan) gənc (20 yaşadək) klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq müsabiqəsi" çərçivəsində işıqlandırılması təklif olunan tədbirlərin cədvəli açıqlanıb.

Gənclik Mərkəzindən verilən xəbərə görə, müsabiqə ISESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı ilə keçiriləcək.

Müsabiqənin cədvəlinə əsasən, aprelin 7-də saat 12:00-da Bakı Musiqi Akademiyasında Azərbaycandan festivala qatılacaq iştirakçılar arasında seçim turu keçiriləcək. Aprelin 24-də saat 10:00-da Bakı Musiqi Akademiyasının böyük konsert zalında xarici ölkə nümayəndələrinin iştirakı ilə rəsmi açılış və beynəlxalq münsiflər heyəti qarşısında kiçik, ayın 25-də saat 11:00-da isə Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında böyük yaş qrupu üzrə dinləmələr keçiriləcək. Ayın 26-da saat 10:00-da bir qrup qonaq və təşkilat komitəsinin üzvləri televiziya proqramında çıxış edəcəklər. Saat 11:00-dan 13:00-dək mədəni proqram çərçivəsində ekskursiyalar təşkil olunacaq. Saat 18:00-da isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük konsert zalında müsabiqə qaliblərinin mükafatlandırılması və finalçıların qala-konserti olacaq.(AzərTAc)