Milli Kitab Mükafatının münsiflər heyətinin tərkibi dəyişdi

Azərbaycanda Milli Kitab Mükafatı (MKM) növbəti seçimlərinə start verilir. APA-nın məlumatına görə, bu gün layihənin təşkilat komitəsi və münsiflər heyətinin iştirakı ilə mətbuat konfransı keçirilib. Təqdimat mərasimində çıxış edən MKM-in təsisçisi və "Əli və Nino" Nəşriyyat evinin rəhbəri Nigar Köçərli bildirib ki, növbəti MKM layihəsi zamanı da milli ədəbiyyat üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlar: "Keçən il baş tutan ilk MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu".

Tədbirdə millət vəkili Qənirə Paşayeva, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, teleaparıcı Nərgiz Cəlilova və başqaları çıxış ediblər. Ş. Xuduoğlu deyib ki, MKM Azərbaycanın ən böyük ədəbiyyat layihəsidir.

Qeyd olunub ki, layihənin baş sponsoru "Bakcell" şirkəti, rəsmi sponsoru "Bank Respublika" ASC və "Əli və Nino" Nəşriyyat evidir. Tədbirdə çıxış edən "Bakcell"-in baş icraçı direktoru Riçard Şirer belə bir layihəyə dəstək verməkdən məmnun olduqlarını bildirib. "Bank Respublika" ASC İdarə Heyəti sədrinin müavini Rafael Qasımov da ədəbiyyatın inkişafına yönəlmiş bu cür layihələrin reallaşmasını vacib hesab edir.

Nigar Köçərli daha sonra bildirib ki, ilk müsabiqələrdən fərqli olaraq, bu dəfə münsiflər heyətinin sırası genişlənib. Mükafatın münsiflər heyətində Çingiz Abdullayev, Pərviz Cəbrayıl, Nərgiz Cəlilova, Rafiq Əliyev, Mehriban Ələkbərzadə, Əkrəm Əylisli, Ramiz Fətəliyev, Cəmil Həsənli, Şahbaz Xuduoğlu, Rüstəm İbrahimbəyov, Hamlet İsaxanlı, Elxan Qaraqan, Niyazi Mehdi, Rəşad Məcid, Afaq Məsud, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Ayaz Salayev və Elçin Şıxlinski təmsil olunurlar.

Əsərlər noyabrın 16-dək MKM-ə elektron (info@mkm.az) və ya poçt (Z. Tağıyev küç, 19) vasitəsi ilə çatdırılmalıdır. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət "longlist" (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət "shortlist" (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. Regionlarda və təhsil ocaqlarında MKM-in təqdimatları keçiriləcək. İyirmiliyə düşən əsərlərin BookClub müzakirələri, həm Bakıda, həm bölgələrdə, www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin qalibi üç min, 2-ci yerinki iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.

AzNews.az