Nyu-Yorkda “Azərbaycan Mədəniyyət Mərkəzi” açıldı

ABŞ-ın Nyu-York şəhərində qeydiyyatdan keçmiş "Azərbaycan Mədəniyyət Mərkəzi" ("Azerbaijan Cultural Center NY"- ACCNY) adlı təşkilatın təqdimat mərasimi olub.

Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin əməkdaşları, Nyu-Yorkda fəaliyyət göstərən əcnəbi diplomatlar, ABŞ-da mövcud olan digər ölkələrin mədəniyyət mərkəzlərinin nümayəndələri, türkdilli ölkələrin diaspor təşkilatlarının, yəhudi icmalarının təmsilçiləri və iş adamları iştirak ediblər.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, ACCNY-ın açılış mərasimində təşkilatın rəhbəri, Azərbaycanın Əməkdar Artisti Telman Cəlilov çıxış edərək qurumun Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq və iki ölkə arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə yaradıldığını bildirib.

O, Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəal üzvlərinə fəxri fərmanlar təqdim edib. Daha sonra Nyu-York şəhərində yaşayan və əslən Azərbaycandan olan müğənnilər xalq və estrada mahnılarımızı səsləndiriblər. T.Cəlilovun yaratdığı və rəhbərlik etdiyi "Soydaş" rəqs ansamblı çıxış edərək müxtəlif xalqların rəqsləri təqdim olunub.

AzNews.az