Davud Əhmədov vəfat etdi


Azərbaycanın tanınmış diktoru Davud Əhmədov bu gecə vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib. Onun sözlərinə görə, 74 yaşlı diktor ürək çatışmazlığından əziyyət çəkib. Mərhum bu gün saat 18.00-da Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, D Əhmədov 1941-ci ildə Lənkəranda anadan olub. 1960-cı ildə Teatr İnstitutunun kino və dram aktyorluğu şöbəsinə qəbul olunub. İkinci kursda oxuyarkən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Teymur Elçin tərəfindən səsi bəyənilib, "Ulduz" verilişinin aparıcısı olub. 1963-cü "Romeo-Cülyetta və zülmət" əsərində Pavel, 1980-ci illərin əvvəllərində Süleyman Sani Axundovun "Laçın yuvası"nda Ədil bəy obrazlarını canlandırıb. 1965-ci ildə əsgərliyə gedib, 1967-ci ilin yanvarında televiziyaya işə qayıdıb. Şeirlər yazıb. Vaxtilə səsinə görə onu "Azərbaycanın Levitanı" da adlandırıblar. Televiziyanın fondunda 300-dən çox şeir və əsər səsləndirilməsində onun səsindən istifadə olunub.