Fəxri ad uğurunda mübarizəyə daha bir aktrisa qoşuldu

“Nazir mənə ad verəcəyini şəxsən özü dedi, amma...”



"38 ildir ki, sənətdəyəm. Amma hələ də fəxri adım yoxdur. Gərək adın yuxarı göndərilə ki, sən yada düşəsən. Sənədlərim nazirlikdən yuxarı qalxa bilmirsə dövlət buna neyləsin?" Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası İradə Ağasıbəyli dedi.

İ.Ağasıbəyli məsələ fəxri ad məsələsilə bağlı Mədəniyyət və Turizm nazirinin qəbulunda olub: "Nazir mənə dedi ki, "siz bu günə kimi hadaydınız? Niyə müraciət etməmisiniz? Get evə, sabah sizə nazirlikdən xəbər verəcəklər". Axşam mənə nazirlikdən zəng vurdular ki, "bəs İradə xanım sizi təbrik edirik. Sizin adınız siyahıya düşüb". O siyahı bu siyahı... Hələ də adım siyahıda görünmür. Nə fəxri adım var, nə də Prezident təqaüdüm... Daha maraqlanmadım. Kimdən maraqlanım? Əgər bir halda ki, nazirin özü deyirsə ki, "get, sabah zəng olacaq", zəng edib məni təbrik edib vermirlərsə, daha kimin yanına gedək? Kimdən kimə şikayət edək?"

Bəs təqdimatın teatrın direktoru İsrafil İsrafilovun otağından çıxmasına əminsiniz sualına aktrisanın cavabı belə oldu: "İsrafil İsrafilov gözəl bilir ki, hansı aktrisa fəxri ad alıb, hansı almayıb. Mən ona nə deyim? Bir insan ki, görüşə xalq artistlərin bir, əməkdar artistlərini bir, adi aktyorlarını bir dəvət edə... Deməli, bunu İsrafil İsrafilov məndən də, səndən də yaxşı bilir. Mənə pislik edənlərin Allah balasının qabağına çıxarsın".

Bahar Rüstəmli
AzNews.az