Aktyor R.Rzayev: “Milyon yarıma keyfiyyətsiz film çəkdilər” Aktyor R.Rzayev: “Milyon yarıma keyfiyyətsiz film çəkdilər”

“Cavad xan”ın nümayişinə rəsmi qurumlar imkan vermir- İDDİA

Aktyor R.Rzayev: “Milyon yarıma keyfiyyətsiz film çəkdilər”



S.Rüstəmxanlı: "Pul məsələsi nazirliklə Prodüser Mərkəzinin arasında həll olunur"

Gənc aktyor Rza Rzayev mətbuata müsahibəsində "Cavad xan" filimi ilə bağlı şok açıqlama verib: "Filmi çəkdilər, amma təsir imkanı olmadı. Çünki ortaya ürək qoyulmamışdı. Sadəcə, vizual görüntülər vardı. Orda heç kim Cavad xan deyildi. "Cavad xan" filminə dövlət tərəfindən milyon yarım pul ayrılmışdı. Milyon yarıma o cür keyfiyyətsiz film ortaya qoymaq sənət adamlarına olan ümidi sıfıra endirmək demək idi. Cavad xan da elə bir qəhrəmandı ki, onu bu formada təqdim etmək olmazdı. Təəssüf..."

"Cavad xan"ın ssenari müəllifi Sabir Rüstəmxanlı AzNews.az-a açıqlamasında Rza Rzayevi yaxından tanımadığını dedi: "Mən Rzanı dərindən tanımıram. Onu Gəncədə çəkilişlər gedəndə gördüm. Yaxşı aktyordur. Təəssüf ki, rejissorla aralarında nə baş verdisə, o, filmdən ayrıldı. Rza Cavad xanın oğlanlarının birini oynayırdı. Güman edirəm ki, o vaxtdan onun ürəyində bir az inciklik qalıb. Filmdir, birinə xoş gəlir, birinə yox. Hər halda, Heydər Əliyev Sarayında 2 min adam 15 dəqiqə ayaq üstə o filmi alqışladı. İndi bilmirəm o, 2 min adama inanaq, yoxsa ayrı-ayrı insanların bu cür münasibətinə? Əslində, milyon yarım tarixi filim üçün heç bir şeydir. Milyon yarıma ancaq bugünkü həyatımızdan bəhs edən film çəkmək olar. "Cavad xan"da geyimlər, rekvizitlər, əsgər geyimləri, kütləvi səhnələr var. O pulu bu qədər geyimə necə çatdırasan? Bu proses Mədəniyyət və Turizm Nazirliyinin əli ilə gedir. Pul məsələsə nazirliklə Prodüser Mərkəzi arasında həll olunur. Bu işlərə bizim nəzarət imkanımız təəssüf ki, yoxdur. Hər halda, bizə ayrılan pula yüksək dərəcədə film gözləmək çətindir. Amma etiraf edək ki, Azərbaycanın tarixi filmləri arasında "Cavad xan" özünəməxsusluğu ilə seçilir. Hesab edirəm ki, zəhmətimiz hədər getməyib".

Cavad xan obrazını yaradan aktyorun ünvanına deyilən iradlara gəlincə, ssenarist bildirdi ki, bu, xalq artisti Nurəddin Mehdixanlıya qarşı çox böyük haqsızlıqdır: "Nurəddin Mehdixanlı filimin baş qəhrəmanını - Cavad xanı oynayıb. Nurəddin bu rola ürəyini qoyub və Cavad xan kifayət qədər yüksək səviyyədə alınıb. Ola bilsin, kimsə başqa cür oynaya bilərdi. Yəni, mübahisə mövzusu ola bilər. Mənim düşüncəmdəki "Cavad xan" Nurəddin Mehdixanlının oynadığı obrazla eynidir".

S.Rüstəmxanlı "Cavad xan"ın təbliğatı ilə bağlı yaranan problemdə Mədəniyyət və Turizm Nazirliyi ilə Müdafiə Nazirliyini ittihamladı: "Birincisi, Mədəniyyət və Turizm Nazirliyində kino işinin təbliğatı düzgün qurulmayıb. Kinolara subyektiv münasibət var. Öz istədikləri filmləri, yəni bizi biabır edən, millətimiz haqqında yanlış təsəvvür yaradan və ya öz dostlarının filmlərini xarici ölkələrdə keçirilən festivallara göndərirlər. Nə istəyirlər, onu da edirlər. Nazirlikdə "Cavad xan" filminə əvvəldən qısqanclıq oldu. Çünki bunun təbliğatını Prodüser Mərkəzi boynuna götürdü. Onların dediyi aktyor və rejissorları deyil, öz istədiklərimizi seçdik. Mən şəxsən iddialı oldum ki, bu film filan rejissor tərəfindən çəkilsin və bu aktyorlar oynasın. Düzdür, onlar bizə etiraz etmədilər. Amma hər halda, Mədəniyyət və Turizm Nazirliyindən filmə münasibətdə əvvəldən səmimiyyət görmədim. "Cavad xan"ın dəfələrlə festivala çıxmaq imkanı olub. Amma nazirlik buna göz yumub, filmi festivala göndərməyib. Azərbaycan kinoteatrları hamısı bərbad vəziyyətdədir. Rayonlarda isə ümumiyyətlə yoxdur. Belə vəziyyətdə təbliğat aparmaq çox çətindir.

Filmin təbliğatı üçün başqa imkanlar vardı. Rayon icra hakimiyyətlərinin başçıları da işə əngəl törətdilər. Əvvəlcədən dedilər ki, "Cavad xan"a qapı açıqdır. Amma sonra icra başçıları sanki hansısa mərkəzdən göstəriş aldılar ki, bu film nümayiş olunmamalıdır. Neçə ildir ki, "Cavad xan"la bağlı Müdafiə Nazirliyinə məktub ünvanlamışıq. Bildirdik ki, bu film gənclərin vətənpərvərlik ruhunda böyüməsi, əsgərlərimizin ruhunun qaldırılmasına təkan olar.

Hər şeydən əvvəl ona görə ki, bu filmdə tariximizin bir parçası öyrənilir, qonşularımızla münasibətimizə işıq düşür və.s. Amma Müdafiə Nazirliyi nə etdi? Hələ bu günə kimi rəsmi olaraq bizə cavab verməyib. Niyə?

Bilirəm ki, hərbi hissələrdə filmlər göstərilir. Bəs, "Cavad xan" hərbi hissələri niyə gəzmir? Qoy hər iki nazirlik bir açıqlama versin. Niyə bu film nümayiş olunmur? Yaxud da niyə bu filmin nümayiş olunmaması üçün rayon icra başçılarına göstərişlər verilir? Mənə elə gəlir ki, bu düşünülmüş bir addımdır".

Bahar Rüstəmli
AzNews.az