Cavanşir Paşazadə ilə Ramazan Zeynalovun şəriki olmuş klinika sahibi yenidən hakim qarşısına çıxır Cavanşir Paşazadə ilə Ramazan Zeynalovun şəriki olmuş klinika sahibi yenidən hakim qarşısına çıxır

"Hacı Mazan məni otağına çağırdı, əlini Qurana basdı ki..." - Qalmaqallı klinikanın sahibi

Cavanşir Paşazadə ilə Ramazan Zeynalovun şəriki olmuş klinika sahibi yenidən hakim qarşısına çıxır

Hacı Mazana qarşı dələduzluq etməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən "Medi Sina” klinikasının sahibi yenidən Ali Məhkəməyə şikayət edib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunan Müğdət Həşimovin məhkəmə prosesi yanvar ayının 23-də hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 3 aprel 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Əhmədiyyə oğlu Həşimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Müğdət Həşimov son söz deyib.

O, 1 il 7 aydan çoxdur qanunsuz həsdə saxlanıldığını iddia edib: "Barəmdə olan cinayət işi 5 cilddən ibarətdir. Həmin işdə olanlar şər-böhtandır".

Müğdət Həşimov əlavə edib ki, şantajla klinikanı boşaltmağı tələb ediblər: "Lakin 3 ay klinikanı boşaltmayıb, danışıqlar aparmışam, klinikanın fəaliyyətini bərpa etmək istəmişəm. Ramazan Zeynalov klinikanı boşaltmağım üçün məni hədələyib, əks halda həbs olunacağımı deyib".

Klinika sahibi qeyd edib ki, Ramazan Zeynalovun bu işdə zərərçəkmiş kimi tanınması absurddur: "Guya klinikadan avadanlıq çıxarıb satmışam. Ramazan Zeynalovun icazəsi olmadan oradan çöp belə, götürmək olmaz. Necə olur, iki həftə ərzində oradan avadanlıqları maşınlara yükləyib aparırıq, Ramazan bunları görmür?

Bizim klinikada rentgen aparatımız var. Məhkəmə qərar çıxarıb ki, oradan rentgen aparatını götürək, amma Ramazan Zeynalov məhkəmə qərarının icrasına mane olur, rentgen aparatını götürməyə gedənləri qovur".

Müğdət Həşimov qeyd edib ki, illərdir qurduğu biznesi idarə etmək əvəzinə, hüquq-mühafizə orqanlarında sifarişli şikayətlərlə bağlı izahat verməyə məcburdur: "DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məndən şikayət olunub. Orada izahat verəndən sonra işin mülki xarakter daşıdığı müəyyən edilidi, şikayətin icraatına xitam verildi. Bundan sonra korrupsiya idarəsinə şikayət edildi. Ümid edirdim ki, burada da barəmdə olan şikayətə xitam veriləcək. Amma əksinə, qanunsuz cinayət işi başlandı".

Müğdət Həşimovun sözlərinə görə, Ramazan Zeynalovun öz səhvini başa düşəcəyinə ümid edib: "Çünki banklara olan borcları ödədim. Sonra Ramazan Zeynalov məni otağına çağırdı, əlini Qurana basdı ki, 11 günə işə başlayacam. Bununla bağlı Cavanşir Paşazadə ilə də danışdığını bildirdi. Amma 11 gündən sonra həbs edildim".

Müğdət Həşimov bildirib ki, klinikanın qanunsuz bağlanması ilə bağlı Cavanşir Paşazadəyə məktub göndərsə də, məktub açılmamış özünə qaytarılıb: "Həm məni, həm də biznesimi məhv etdilər. Klinikadan evinə çörək aparan 100-ə yaxın şəxsi işsiz qoydular.

Ramazan Zeynalov dəfələrlə bəyan edib ki, klinikanı özü bağlatdırıb, səbəb avadanlıqların guya köhnə olmasıdır. Avadanlıqların köhnəliyinin Ramazan Zeynalova adiyyəti olmamalıdır. Çünki həmin klinikaya lisenziya almışam".

O, qeyd edib ki, müstəntiq ona əlavə ittiham verildiyini bildirib: "Guya Ramazan Zeynalovun 70 min manatını ələ keçirmişəm. Bu işdə də günahm yoxdur".

Müğdət Həşimov bildirib ki, klinikada bir xanım vəfat edib: "Həmin ölüm işi ilə bağlı bizim heç bir günahımız yoxdur. Xəstənin yaxınları cərrahı özləri seçiblər. Bizim klinikada yalnız əməliyyat otağı icarəyə verilib. Hadisədən sonra mərhumun həyat yoldaşı hüquq-mühafizə orqanlarına şikayət etdi. Bu da klinikanın nüfuzuna zərbə vurdu".

Müğdət Həşimov ona verilmiş vergidən yayınma ittihamını da qanunsuz adlandırıb. Bildirib ki, vergini vaxtlı-vaxtında ödəyib. O, çıxışının sonunda hakimlərdən barəsində bəraət hökmünün çıxarılmasını istıyib: "Əgər mənə bəraət verməyi bacarmayacaqsınızsa, o zaman ömürlük cəza təyin edin".

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər. Bundan əvvəl keçirilən prosesdə prokuror Müğdət Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən qayıdan hakimlər Müğdət Həşimovun barəsində hökmü elan ediblər. Hökmə əsasən, Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunub.

Məhkəmə onun ittiham olunduğu Cinatəyət Məcəlləsinin 213-cü (vergidın yayınma) maddəsinə xitam verib.

İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.

Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib. Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

Hökmdən narazı qalan Müğdət Həşimov və onun vəkili apellyasiya şikayəti verib. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünün ləğvini və bəraət hökmünün çıxarılmasını istəyib.

Müğdət Həşimovun vəkili Elçin Sadıqov apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Müdafiəçi həmçinin Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin də məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb:

“Bu işdə sənədlərin saxtalaşdırılmasında iştirak etmiş Lalə Zərbəliyeva, Cavanşir Paşazadə və digərinin əlavə şahid qismində dindirilməsini istəyirik. Müğdət Həşimov bildirir ki, sənədlərdəki imzalar ona məxsus deyil. Təəssüf ki, birinci instansiya məhkəməsində bu işə baxılarkən imza ilə bağlı ekspertiza təyin olunub məsələyə aydınlıq gətirilmədi. Ekspertiza haqda vəsatət qaldırsaq da, təmin olunmadı. Ona görə bu vəsatəti yenidən qaldırıram”.

Vəsatətlər təmin olunmayıb.

Həmçinin zərərçəkmiş Ramazan Zeynalov da apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müğdət Həşimovun və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. Sonra isə məhkum olunan şəxs Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin məhkəməyə ünvanlandığı ərizəsi elan edilib.

Təqsirləndirilən şəxs məhkəməyə ünvanlandığı ərizəsində şikayətini geri götürdüyünü qeyd edib.

Hakim heyəti Müğdət Həşimovun kassasiya şikayətindən imtina etməsi barədə ərizəsini təmin edib. Onun verdiyi kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb.

Azər
AzNews.az