Sərxoş sürücü 80 yaşlı piyadanı vurub öldürdü

Hadisə yerindən qaçan 39 yaşlı sürücü həbs edilib

Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

AzNews.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Belə ki, yanvarın 27-də paytaxtın Səbail rayonu ərazisində 1980-cı il təvəllüdlü Bəxtiyar Əliyevin sərxoş halda idarə etdiyi “Mercedes C 200” markalı, 99-RD-120 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü Əhmədov Zahid Məhəmməd oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində B.Əliyev yanvarın 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Bəxtiyar Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azər
AzNews.az