“Razılaşma regionda sabitliyi möhkəmləndirə bilər” – Əli Mustafayev

"Hazırda İsveçrədə aparılan ABŞ-İran danışıqları yekunlaşıb, lakin İranın Xarici İşlər Nazirliyi yaxın iki həftə ərzində prosesin davam edəcəyini açıqlayıb. ABŞ tərəfinin mövqeyi hələ tam dəqiqləşməsə də, bölgəyə hərbi gücünü artırması müşahidə olunur. Bu isə bir tərəfdən danışıqların eyni zamanda “sakitlik və sükunət” şəraitində aparıldığına işarədir. Danışıqların predmeti barədə isə tam aydınlıq yoxdur. Ən çox ehtimal edilən mövzu İranın nüvə və raket proqramlarıdır. Bununla yanaşı, digər mənbələrdə qeyd olunur ki, İran nefti, nadir torpaq ehtiyatları və ölkədəki siyasi rejim də müzakirə gündəliyində ola bilər. Hətta mümkündür ki, danışıqlar bir neçə müstəvidə paralel aparılsın və ictimaiyyətə bəlli olmayan məsələlər də mövcuddur. Tərəflər razılığa gəlsələr, bu regionda sabitliyin möhkəmlənməsinə töhfə verəcək".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, ABŞ ilə mümkün danışıqlar ərəfəsində İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əlaqələrini gücləndirməsi regionda yeni diplomatik mərhələnin başlana biləcəyinə dair işarələr verir. Rəsmi Tehranın nüvə proqramına dair açıqlamalarında şəffaflıq nümayiş etdirməsi və beynəlxalq nəzarət mexanizmlərinə açıq olduğunu göstərməsi, Vaşinqtonla münasibətlərdə gərginliyin yumşaldılmasına yönəlmiş addım kimi qiymətləndirilir. Eyni zamanda, bu proses yalnız iki ölkə arasındakı dialoqla məhdudlaşmır — burada Yaxın Şərqdəki güc balansı, İsrailin rolu, Körfəz ölkələrinin mövqeyi və regionun təhlükəsizlik arxitekturasının gələcək perspektivləri də mühüm əhəmiyyət kəsb edir.

Siyasi şərhçi bildirib ki, tərəflər razılığa gəlməsə, qarşıdurma riski yüksələcək və bu, regionun təhlükəsizlik arxitekturasına ciddi təsir göstərərək güc balansını dəyişə bilər.

"Danışıqların nəticəsi həm İranın müqavimət imkanlarından, həm də ABŞ-nin hərbi vasitələrdən istifadə israrından asılı olacaq. Hələlik görünən odur ki, tərəflər müəyyən məsələlərdə uzlaşma əldə edə bilərlər. ABŞ tərəfi hərbi üstünlüyünü öncədən möhkəmləndirməyi, İran isə prosesləri uzadaraq zaman qazanmağı hədəfləyir. Bununla yanaşı, Çin və Rusiya da bölgədə konfliktin yayılmasının qarşısını almaq və ya öz təsir dairələrini genişləndirmək istiqamətində hərəkət edir. Hazırki mərhələdə danışıqların başlanğıcı və sonu aydın deyil. İki həftəlik fasilə müddətində tərəflərin masaya qayıdıb-qaytmayacağı, yaxud İsrail və digər ABŞ müttəfiqlərinin təhriki ilə hərbi əməliyyatların başlaması məsələləri yaxın günlərdə daha aydın olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az