“Orta Şərqin taleyi ABŞ–İran münasibətlərindən asılıdır” – Aytən Qurbanova

"İlk növbədə onu qeyd etmək lazımdır ki, Orta Şərq regionunun taleyi və gələcək təhlükəsizlik arxitekturası ABŞ–İran münasibətlərinin dinamikasından asılı vəziyyətə düşüb. Vaşinqton və Tehran arasında nüvə proqramı ətrafında aparılan danışıqların ilk mərhələsinin başa çatması formal diplomatik irəliləyiş kimi qiymətləndirilsə də, prosesin yekun razılaşma ilə nəticələnəcəyi hələlik real görünmür. Çünki tərəflərin strateji mövqeləri arasında fundamental ziddiyyətlər hələ də qalmaqdadır. Məlum olduğu kimi, 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) İranın nüvə fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq etməklə yanaşı, sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tuturdu. Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Trampın sazişdən birtərəfli qaydada çıxması və sanksiyaların bərpası regionda yeni qeyri-müəyyənlik mərhələsinin əsasını qoydu. Bu qərar, eyni zamanda, tərəflər arasında etimad mühitinə ciddi zərbə vurdu".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, Yaxın Şərq regionunun taleyi ABŞ–İran münasibətləri fonunda geosiyasi risklər müstəvisinə keçib. Tərəflər arasında İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların ilk mərhələsi başa çatsa da, bu proses hələlik konkret razılaşma perspektivi formalaşdırmayıb. Bunun əsas səbəbi ABŞ administrasiyasının Tehrandan nüvə proqramının tam dayandırılmasını israrla tələb etməsidir. Rəsmi Tehran isə uranın dinc məqsədlərlə zənginləşdirilməsini ölkənin suveren və qanuni hüququ kimi dəyərləndirir. Bununla belə, bu gün Cenevrədə ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların ikinci raundunun keçirilməsi mümkün razılaşma ilə bağlı nikbin gözləntiləri müəyyən dərəcədə artırıb.

Siyasi şərhçi qeyd edib ki, hazırkı mərhələdə rəsmi Vaşinqtonun rəsmi Tehrandan nüvə proqramının tam dayandırılmasını tələb edən maksimalist mövqeyi siyasi baxımdan sərt, eyni zamanda praktiki baxımdan çətin icraolunan yanaşma kimi qiymətləndirilir.

"İran rəhbərliyi isə uranın dinc məqsədlərlə zənginləşdirilməsinin ölkənin suveren hüququ olduğunu bildirir və bu məsələdə geri çəkilməyəcəyini açıq şəkildə bəyan edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, ABŞ-nin “tam dayandırma” tələbi İranın daxili siyasi balansı və milli təhlükəsizlik konsepsiyası baxımından qəbul edilə bilən variant deyil. Reallıq ondan ibarətdir ki, İran üçün nüvə proqramı yalnız enerji və texnologiya məsələsi deyil, həm də geosiyasi çəkisinin və çəkindiricilik imkanlarının elementi kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ üçün bu məsələ regional müttəfiqlərinin, xüsusilə də İsrail və Körfəz ölkələrinin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Ona görə də tərəflər arasında kompromis yalnız qarşılıqlı şəkildə mərhələli güzəştlər modeli çərçivəsində mümkün ola bilər. Cenevrədə keçirilən danışıqların ikinci raundu müəyyən nikbin gözləntilər yaratsa da, ehtimal olunan razılaşma ən yaxşı halda “məhdudlaşdırılmış və müvəqqəti çərçivə sazişi” formatında ola bilər. Yəni tərəflər maksimalist tələblərdən geri çəkilmədən, daha çox texniki məhdudiyyətlər və nəzarət mexanizmləri üzərində razılığa gəlməyə çalışa bilərlər. Əgər razılaşma əldə olunmazsa, regionda hərbi eskalasiya riskinin artacağı şübhəsizdir. Lakin bu riskin dərhal genişmiqyaslı müharibəyə çevrilməsi real görünmür. Çünki həm Vaşinqton, həm də Tehran üçün birbaşa hərbi toqquşma yüksək iqtisadi və siyasi resurslar tələb edir. ABŞ üçün bu, Orta Şərqdə yeni uzunmüddətli hərbi öhdəliklər, İran üçün isə daxili sabitlik və iqtisadi davamlılıq baxımından ağır nəticələr yarada bilər. Bununla belə, lokal xarakterli hərbi insidentlər, proksi qüvvələr vasitəsilə təzyiq mexanizmlərinin gücləndirilməsi, eləcə də sanksiya rejiminin sərtləşdirilməsi kimi ssenarilər daha real görünür. Bu isə regionda təhlükəsizlik mühitini uzunmüddətli qeyri-müəyyənlik şəraitində saxlaya bilər. Nəticə etibarilə, ABŞ-nin İranın nüvə proqramının tam dayandırılması ilə bağlı maksimalist yanaşması siyasi təzyiq aləti kimi effektiv ola bilər, lakin real icra mexanizmi baxımından məhdud imkanlara malikdir. Razılaşmanın əldə olunmaması isə birbaşa genişmiqyaslı müharibədən daha çox, idarə olunan, lakin davamlı gərginlik mərhələsinə gətirib çıxara bilər. Mövcud mərhələdə diplomatiya hələ də yeganə rasional alternativ olaraq qalır".

Rəfiqə Namazəliyeva,

AzNews.az