- Göz önü
- 18:22
- 1 000
"Biz Azərbaycanı cahil ölkə olan İrana çevirmək istəyirik?" - Azər Həsrət
“Məktəblərdə baş verən hər bir hadisə cəmiyyətin ciddi şəkildə diqqətini cəlb edir. Bu da təbii haldır. Çünki Azərbaycan cəmiyyəti savadlıdır. Ümumiyyətlə, xalqımız müasir dövrə uyğunlaşmaq üçün əlindən gələni edir. Yəni insanlar çalışır ki, maariflənsinlər, təhsil alsınlar və dünya xalqları ilə ayaqlaşa bilsinlər”.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət bildirib. O deyib ki, bu gün Azərbaycanda təhsillə bağlı müzakirələr gedərkən qarşıya dini və yaxud dünyəvi məktəblərdə dini görüntülər çıxır:
“Bəzən məktəblərdən çəkilmiş videolar və şəkillər paylaşılıb. Həmin görüntülərdə insanın diqqətini əsasən əl boyda qız uşaqlarının başının dini üsullarla bağlı bağlanması çəkir. Burada söhbət yalnız bağlılıqdan getmir, əsasən dini üsullardan gedir. Bəzən elə bağlayırlar ki, 21-ci yüzillikdə insanlar bu cür düşünür, bu cür davranırlar. Əlbəttə ki, biz heç kəsin dini çıxışlarına qarışmırıq. Bunu dəfələrlə demişəm. Heç kəsin başqa birinin dini düşüncəsinə qarışmaq ixtiyarı yoxdur. Azərbaycan dünyəvi dövlətdir, məktəblərimiz də dünyəvidir. Bu isə o deməkdir ki, dünyəvi qaydalar hegemon olmalıdır. Bəzi insanlar iddia edir ki, mənim dini seçimlərim var, məktəblərdə də bu cür davranmaq haqqım var. Amma bu tamamilə yanlışdır, belə etmək olmaz. Bu cəmiyyəti xaosa sürükləyir. Məktəblinin məktəbli forması olmalıdır. Hər kəs istədiyi kimi geyinib məktəbə getsə, o zaman məktəbdə birlik və bərabərlik necə açıqlana bilər? Biri çıxıb deyə bilər ki, qızımın başını hicab, ləqab və ya burka ilə bağlayıb məktəbə göndərirəm. Digəri isə deyə bilər ki, qızımı məktəbə mini ətəkdə göndərirəm. Əgər biz kiminsə baş örtü ilə məktəbə getməsinə icazə veririk, mini ətək ilə məktəbə getmək haqqını da tanımaq məcburiyyətindəyik. Çünki seçim azadlığı varsa, hamı üçün öz istədiyi seçim olmalıdır”.
Onun sözlərinə görə, söhbət məktəb nizam-intizamı və vahid təhsil sistemindən gedirsə, uşaqlar azad seçimə malik olmamalıdır:
“Qız- oğlan fərqi etmir, etik hədləri aşmayan hər kəs müvafiq geyim standartlarına uyğun geyinməlidir. Hazırda olan məktəbli geyimi olduqca yaxşıdır. Lazımdırmı ki, farslar və ərəblər mənimsənilən geyimlərdə qızlar məktəbə getsin? Adını dini geyim qoyurlar. Azərbaycanda bir çoxu dini geyim adı altında ərəb və fars geyimlərini mənimsəyir. Bu bizim milli kimlik və mentalitetimizə uyğun deyil. Quranın hansı yerində dini geyimin necə olması bildirilmişdir? Məktəbli forması yetərincə ədəbli geyimdir. Məncə, müəllimlər üçün də vahid geyim formasının vaxtı çatıb. Bəzi məktəblərdə bu artıq tətbiq olunub. Amma bəzi məktəblərdə isə üz-gözündən fanatizm yağan qadınlar görünür ki, dini adı altında geyinir. Onların geyimləri islamın heç bir təlimi ilə əlaqəsi yoxdur. Həm şagirdlər, həm də müəllimlərlə bağlı geyim qaydaları üzrə qanun qəbul edilməlidir.
Təbii ki, müsəlman ailəsində doğulan uşaq müsəlman olacaq, amma bu onun seçimi deyil. Biz buna qarışmırıq. Amma məktəb öz qayda və qanunlarına riayət etməlidir. Heç bir dini geyimli uşaq məktəbə buraxılmamalıdır. Onsuz da “dindar”ların bir hissəsi qız uşaqlarını məktəbə buraxmırlar. 5-6-cı sinifdən sonra qızını məktəbdən çıxarıb başını bağlayaraq evdə saxlayırlar ki, başqası ilə oxuması namərd olar. 21-ci yüzillikdə hələ də belə cahil insanlar var”.
O qeyd edib ki, dövlət bu məsələyə müdaxilə etməlidir:
“Şəxsən mən elə insanlar tanıyıram ki, məcburən qız uşağının başını bağlayıblar. Uşaq da üzünü gizlədərək baxır ki, gəlin məni xilas edin. Niyə dünyəvi Azərbaycan dövlətində dini qaydalar diktə edə bilir? Dövlətin daha sərt tədbirlər görməsinin vaxtı çatıb. Müasir Azərbaycan dini adı altında cahilliyi qəbul etmək üçün qurulmayıb. Qonşu ölkə İranda din adı altında getdiyi yolu hamımız görürük. Cahil ölkələrdən biridir. Bütün dünya ilə düşməndir. Əfqanıstanda da bunun kimi vəziyyət var. Hazırda Rusiyada pravoslavlıq zorla insanlara sırıdılır. Bunun nəticələrini görürük. Ona görə də Azərbaycan həmin dövlətlərdən biri olmamalıdır. Əgər biz müsəlmanların haqqını tanıyırıqsa, xristian, yəhudi, buddistlərin də haqqını tanımalıyıq. Çünki ölkəmizdə ayrı-seçkilik yoxdur. Biz Azərbaycanı İrana çevirmək istəyirik? Şəxsən mən daim buna qarşı olmuşam. Məktəb darvazadan içəri girəndən sonra öz qaydalarını tətbiq etməlidir. Heç kəs istədiyi kimi geyinə bilməz. Ədəb-əxlaq çərçivəsində hər bir şagird və müəllimlər vahid formada olmalıdır. Bu səbəbdən valideynlərlə də danışıq aparılmalıdır”.