Beşqat dünya çempionunun vəsatəti rədd edildi

Keçmiş qayınatasına ağır xəsarətlər yetirməkdə təqsirli bilinir

“Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə Ehram Məcidovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan edilib.

Vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə iclası fevralın 15-də davam etdiriləcək. Anket məlumatlarında E.Məcidovun daha əvvəl məhkumluq həyatı yaşamadığı, subay olduğu qeyd edilir. Zərərçəkmiş şəxs 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir.

Zərərçəkmiş tərəf məhkəməyə mülki iddia təqdim edib.

Ehram Məcidovun vəkili məhkəməyə vəsatət təqdim edib. Vəkil bildirib ki, Ehram Məcidovla qayınatası arasında baş verən insidentə birbaşa şahidlik etmiş şəxslər məhkəmənin baxış iclasında dindirilməlidir. Müdafiəçi qeyd edib ki, insident Binəqədi Rayon İcra Şöbəsində baş verib. Lakin insident baş verən zaman orada olan icra şöbəsinin əməkdaşı və mühafizə xidmətinin əməkdaşları əsas şahid olduqları halda dindirilməyib.

Vəsatətlər təmin edilməyib və məhkəmənin baxış iclası növbəti həftəyə təyin edilib.

Qeyd edək ki, Ehram Məcidov keçmiş qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Azər
AzNews.az