İttiham tərəfi bəraət hökmü ilə razılaşmır İttiham tərəfi bəraət hökmü ilə razılaşmır

Generalın evindən 160 min manatlıq qızıl oğurluğu ilə bağlı - Yeni xəbər

İttiham tərəfi bəraət hökmü ilə razılaşmır

Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin evindən 160 min manatlıq qızıl oğurluğu ittihamı ilə bəraət alan Məmmədova Sədaqət Mirzəmanaf qızı yenidən hakim qarşısına çıxarılır.

AzNews.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə dövlət ittihamçısının protesti araşdırılacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində generalın evindən 2015-ci ildə edilən oğurluqla bağlı təqsirləndirilən şəxs qismində həmin evdə qulluqçu işləyən Məmmədova Sədaqət Mirzəmanaf qızının işinə baxılıb.

Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin evindən çemodandakı qızılları oğurlamaqda təqsirləndirilən şəxs həmin villada qulluqçu işləmiş Sədaqət Məmmədovadır. 2015-ci ildə hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmiş, sonra isə ev dustaqlığına buraxılmışdı. Çünki onun törətdiyi deyilən oğurluq əməlini sübut edən kifayət qədər faktlar yox idi.

Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Rahib Salmanov sədrlik edib.

Məhkəmənin hökmü ilə S.Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə bəraət hökmü çıxarılıb. Hökmə əsasən, 326.1-ci və 326.2-ci (rəsmi sənədləri zədələmə və gizlətmə) maddələrin isə müddəti keçdiyi üçün S.Məmmədovaya cəza təyin edilməyib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Məmmədovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Oğurluq hadisəsi general Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın adına olan İzzət Həmidov küçəsi ev 7, mənzil 8-də baş verib. General da anasının adına olan bu villada yaşayır.

Qeyd edək ki, generalın anası oğurluq hadisəsindən bir neçə ay sonra dünyasını dəyişib. Mərhuma məxsus mənzildən ümumi dəyəri 160 min manata yaxın qızıl-zinət oğurlandığı qeyd edilir. Oğurlanan qızıl zinət əşyalarının mərhuma məxsus olduğu bildirirlir.

Sədaqət Məmmədova oğurluq hadisəsində generalın kürəkəni Ramin Qədirovdan şübhələnir. S.Məmmədova məhkəmə prosesində də bunları dilə gətirmişdi. O, əsas olaraq isə göstərir ki, oğurluq hadisəsindən əvvəl Ramin Qədirov Böyükxanım Əkbərovadan 200 min pul istəyib. Generalın anası isə Ramin Qədirova 4 min manat verib. Həmçinin Ramin Qədirov arvadının ondan xəbərsiz ev aldığından xəbər tutub və intiqam almaq istəyib.

S.Məmmədova həbsdən azad edildikdən sonra mətbuata açıqlamasında deyib ki, generalın adını bu işdə hallandırmamağa çalışırlar. Onun iddiasına görə, oğurlanan qızıllar generalın olsa da, anasının adı çəkilir.

S.Məmmədova generalın qızı tərəfindən rüşvət təklifi aldığını və həmçinin hədələndiyini də bildirib: "Kürdəxanıda saxlanılanda generalın qızı Sevinc gəlib dedi ki, 150 min verəcəm, amma ərimin adını çəkmə. Sonra generalın adamı Rauf Mehiyev mənə işi boynuma almağımı təklif etdi. Həmin müddətdə mən də ailə üzvlərim də hədələndik”.

Bildirək ki, bu işdə zərərçəkmiş tərəfin vəkilləri generalın və ailə üzvlərinin adının hallanmaması üçün çalışıblar.

Qeyd edək ki, bu iş üzrə şahid qismində generalın kürəklənləri və qızları da məhkəmədə şahid qismində ifadə verib. Ancaq generalın qızları dindirilərkən məhkəmə prosesi qapalı keçirilmişdi. Məhkəmənin qapalı keçirilməsi ilə bağlı təklifi isə zərərçəkmiş tərəf irəli sürmüşdü.

Azər
AzNews.az