Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı

Faktla bağlı araşdırma aparılır

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edən Ağsu rayon sakini İ.Şirəliyev dekabrın 5-də idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minən şəxsin onu bıçaqla hədələyib içərisində 100 manat olan pulqabısını aldığını və Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığına sürdürərək, orada düşərək getdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini O.Salamzadə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az