Xızıda partladıcı tapıldı

Ərazi polislər tərəfindən mühasirəyə alınıb

Fevralın 19-u saat 14:04-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yerləşən Dəmir Yolu Stansiyasında borunun içərisində əl qumbarasına aid olan 2 ədəd alışdırıcının tapılması barədə məlumat daxil olub.

Bu barədə AzNews.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) və Mərkəzi Xəstəxanasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib, əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partladıcıların ətrafında 1 000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.