DİN məlumat yayıb DİN məlumat yayıb

Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanıldı

DİN məlumat yayıb

Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) Çarhan kəndindəki evlərin birindən ümumi dəyəri 3 200 manat olan inşaat materialları, müxtəlif məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin həmkəndlisi Ruslan Mahmudov saxlanılıb.

Araşdırma zamanı həmin şəxsin yanvar-fevral ayları ərzində Çarhan kəndi ərazisində daha 6 evdən də oğurluq etdiyi məlum olub.

Belə ki, R.Mahmudovun ev sahiblərinin evdə olmamasından istifadə edərək həmin ünvanlara daxil olduğu, ümumi dəyəri 5 000 manata yaxın olan müxtəlif məişət əşyaları və elektrik kabelini oğurladığı müəyyən edilib.

O, oğurladığı əşyaların bir qismini satıb, digərləri isə polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı RPŞ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.